SİYASƏT
2 dəqiqə oxuma
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
İsrail mənbələrinin "Reuters" agentliyinə verdiyi məlumata görə, ABŞ müdafiə naziri Pit Hegset İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz ilə planlaşdırılan görüşlərini təxirə salıb
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb
ABŞ-ın müdafiə naziri İsrailin Baş naziri B.Netanyahu ilə planlaşdırılan görüşünü təxirə salıb

İsrail mənbələrinin "Reuters" agentliyinə verdiyi məlumata görə, ABŞ müdafiə naziri Pit Hegset İsrail Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz ilə planlaşdırılan görüşlərini təxirə salıb. Bu addım Vaşinqtonun Türkiyəyə "F-35" qırıcılarını sata biləcəyi ehtimalının İsraildə yaratdığı ciddi və getdikcə böyüyən narahatlıq fonunda atılıb.

İsrail tərəfi isə Türkiyəyə ‘‘F-35’’ qırıcılarının satılmasına qəti şəkildə qarşı çıxır. Baş nazir Benyamin Netanyahu bu qırıcıların Türkiyəyə təhvil verilməsinin qarşısını almaq üçün ciddi səylər göstərir və belə bir addımın Yaxın Şərqdəki hərbi balansı kökündən dəyişdirə biləcəyini irəli süsür.

"CNN" telekanalına müsahibə verən Benyamin Netanyahu bu mövzuda olan ciddi narahatlıqlarını birbaşa ABŞ Prezidenti Donald Trampa çatdırdığını bildirib. İsrail Baş naziri müsahibəsində Türkiyənin regional ambisiyalarına diqqət çəkərək, bu qırıcıların Yaxın Şərqdəki mövcud güc balansını pozacağını vurğulayıb.

İsrail uzun müddətdir ki, Türkiyənin regional siyasətindən narahatdır. Bu narahatlığın əsas səbəbi rəsmi Ankaranın İsrailin Qəzza, Livan və Suriyadakı hərbi əməliyyatlarını, eləcə də böyük insan tələfatına səbəb olan hücumlarını sərt şəkildə tənqid etməsidir.

Qeyd edək ki, ABŞ-Türkiyə hərbi əməkdaşlığı yenidən gündəmə gəlib. Türkiyədə keçirilən NATO sammitinə qatılan Prezident Donald Tramp rəsmi Ankaranın Rusiyadan ‘‘S-400’’ hava hücumundan müdafiə sistemləri alması səbəbindən 2019-cu ildə tətbiq edilən sanksiyaların ləğv olunacağını açıqlayıb. Donald Tramp həmçinin Türkiyənin ‘‘F-35’’ proqramına yenidən daxil edilməsi məsələsinə baxıla biləcəyini qeyd edib.

Bu vəziyyət, uzun illərdir sıx müttəfiq olan Tramp və Netanyahu administrasiyaları arasındakı münasibətləri yenidən gərginləşdirib.

Türkiyə ilə ‘‘F-35’’ layihəsinə dair hər hansı bir yekun razılaşmanın əldə olunması ABŞ qanunvericiliyinə və Konqresin rəsmi təsdiqinə tabe olsa da, son proseslər Vaşinqtonun Ankara ilə strateji müdafiə tərəfdaşlığını bərpa etmək istiqamətində qətiyyətli addımlar atdığını göstərir.