ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazından keçən üç ticarət gəmisinə təşkil etdiyi hücumlara cavab olaraq bu ölkəyə hava zərbələri endirdiyini açıqlayıb. Bu barədə CENTCOM-un rəsmi "X" səhifəsində edilən paylaşımda bildirilib.
ABŞ ordusu əməliyyat çərçivəsində İranda 80-dən çox hədəfin vurulduğunu diqqətə çatdırıb. Əməliyyat zamanı strateji su yolu və onun ətrafında yerləşən İranın hava hücumundan müdafiə sistemləri, komandanlıq və idarəetmə şəbəkələri, sahil radar stansiyaları, gəmi əleyhinə raket kompleksləri, həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus 60-dan çox kiçik qayıq hədəf alınıb.
İranın Birləşmiş Hərbi Komandanlığı isə Hörmüz boğazından keçən ticarət gəmiləri və neft tankerləri üçün yeganə təhlükəsiz marşrutun Tehranın müəyyən etdiyi xətt olduğunu bildirib. ABŞ-nin bu strateji su yoluna müdaxiləsinə icazə verilməyəcəyini vurğulayan İran tərəfi Amerikanın hücumlarını pisləyərək bunu ölkəsinə qarşı "açıq-aşkar təcavüz" adlandırıb. Rəsmi Tehran ABŞ-nin istənilən addımına sərt cavab verəcəyi ilə bağlı xəbərdarlıq edib.
Hörmüz böğazında gərginliyin artması region ölkələrinin də kəskin reaksiyasına səbəb olub. Qətər İranın Hörmüz boğazı yaxınlığında öz gəmisinə hücumunu pisləyərək Tehranı dəniz təhlükəsizliyini və qlobal enerji təchizatını təhdid edən hərəkətlərini dərhal dayandırmağa çağırıb. Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari ölkəsinə məxsus "Əl-Rəkayyat" LNG (mayeləşdirilmiş təbii qaz) tankerinin hədəf alınmasını beynəlxalq dəniz naviqasiyasının təhlükəsizliyinə qarşı qəbul edilməz bir hücum kimi qiymətləndirib.
"Axios" nəşrinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazından keçən dinc gəmilərə ən azı iki raket atıb. ABŞ rəsmiləri raket zərbələri nəticəsində iki ticarət gəmisinə ciddi ziyan dəydiyini, lakin insan tələfatının qeydə alınmadığını bildiriblər. Digər tərəfdən, Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Agentliyi Omanın Limasol şəhərindən təxminən 15 kilometr şərqdə cənub istiqamətində hərəkət edən bir tankerin göyərtəsinə naməlum mərmi düşdüyünü və nəticədə yanğının baş verdiyini açıqlayıb.















