DÜNYA
1 dəqiqə oxuma
D. Tramp: "Böyük ehtimalla bu gecə İrana çox sərt zərbələr endirəcəyik"
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Ankaranın ev sahibliyində keçirilən NATO-nun 36-cı sammitindən sonra mətbuata açıqlamalar veriblər
D. Tramp: "Böyük ehtimalla bu gecə İrana çox sərt zərbələr endirəcəyik"
D. Tramp: "Böyük ehtimalla bu gecə İrana çox sərt zərbələr endirəcəyik"

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Ankaranın ev sahibliyində keçirilən NATO-nun 36-cı sammitindən sonra mətbuata açıqlamalar veriblər. Sammitin yüksək səviyyədə təşkil olunduğunu bildirən Donald Tramp hava limanından görüşün keçirildiyi məkana qədər hər bir detalın qüsursuz olduğunu vurğulayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyətinə toxunan ABŞ lideri onun güclü bir şəxsiyyət olduğunu, olduqca uğurlu bir iş ortaya qoyduğunu və sammitin çox məhsuldar keçdiyini diqqətə çatdırıb.

Çıxışı zamanı regional təhlükəsizlik məsələlərinə də toxunan Donald Tramp İranın Hörmüz boğazında ticarət gəmilərini hədəf almasına cavab olaraq ABŞ-nin bu ölkədəki hədəflərə hava zərbələri endirdiyini xatırladıb. Tehrana qarşı hərbi təzyiqlərin artacağını işarə edən Donald Tramp ötən gecə İrana çox ağır zərbələr endirdiklərini və bu gecə də eyni dərəcədə sərt addımların atılacağını bildirib.

ABŞ Prezidenti həmçinin rəsmi Tehranın nüvə ambisiyalarına qəti şəkildə imkan verilməyəcəyini bir daha bəyan edib. İranla aparıla biləcək hər hansı danışıqlarda əsas müzakirə mövzusunun məhz nüvə proqramı olacağını vurğulayan Donald Tramp bu məsələdə mövqelərinin birmənalı olduğunu və İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəklərini xüsusi olaraq qeyd edib.