SİYASƏT
2 dəqiqə oxuma
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub
7-8 iyul tarixlərindəTürkiyənin ev sahibliyində keçirilən NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub
NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub

7-8 iyul tarixlərindəTürkiyənin ev sahibliyində keçirilən NATO-nun 36-cı sammitinin yekun bəyannaməsi qəbul olunub.

NATO sammitinin yekun bəyannaməsində üzv dövlətlər Alyansın kollektiv müdafiəsinə və transatlantik əlaqələrə sarsılmaz sadiqliklərini bir daha ifadə ediblər. "Bir müttəfiqə hücum bütün müttəfiqlərə hücum deməkdir" prinsipinin xatırladıldığı sənəddə birliyin, həmrəyliyin və kollektiv gücün sülh, təhlükəsizlik və rifahın təməli olduğu, çəkindirmə və müdafiəyə yönəlmiş "360 dərəcə" yanaşmasının davam etdiriləcəyi vurğulanıb.

Bəyanatda Rusiyanın Avro-Atlantik təhlükəsizliyə yaratdığı uzunmüddətli təhdidlərə və davam edən terrorizm riskinə qarşı mübarizə məqsədilə Haaqa Müdafiə Paktının icra olunduğu diqqətə çatdırılıb. Bu çərçivədə Avropa müttəfiqləri və Kanadanın vacib hərbi ehtiyaclara yönəlmiş investisiyalarını 139 milyard dollardan çox artırdığı, bu vəsaitlərin müdafiə sənayesini və regional dayanıqlığı gücləndirdiyi qeyd olunub.Bundan başqa, kollektiv istehsal gücünü artırmaq və innovasiyaları sürətləndirmək məqsədilə Ankarada dəyəri 50 milyard dollardan çox olan yeni satınalma müqavilələri elan edilib. Həmçinin müttəfiq ölkələr arasında müdafiə sənayesi ticarətində mövcud olan maneələrin aradan qaldırılacağı bildirilib.

Sənəddə Avropa ölkələri və Kanadanın ABŞ ilə birlikdə ortaq müdafiə üçün daha böyük məsuliyyət daşıdığı vurğulanıb. NATO-nun çəkindirmə gücünün nüvə, ənənəvi və raket əleyhinə müdafiə sistemlərinin uyğun kombinasiyasına əsaslandığı, bu prosesin kosmik və kiberkomponentlər tərəfindən dəstəkləndiyi qeyd olunub. Müttəfiqlər döyüş üstünlüyünü qorumaq üçün silahlı qüvvələrin imkanlarını gücləndirməyə sərmayə qoymağa davam edəcəklər. Bu çərçivədə dəqiq zərbə gücü, inteqrasiya olunmuş hava müdafiəsi, pilotsuz sistemlər, qabaqcıl texnologiyalar və kəşfiyyat sahələrində qarşıya qoyulmuş hərbi potensial tapşırıqlarını icra edəcəklərini bildiriblər.

Ukraynanın transatlantik təhlükəsizliyə verdiyi töhfələrin yüksək qiymətləndirildiyi bəyannamədə bu ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstək ifadə olunub. Avropa müttəfiqləri və Kanadanın hazırda Ukraynaya yardımların böyük hissəsini ikitərəfli və çoxtərəfli mexanizmlərlə təmin etdiyi xatırladılaraq bu dəstəyin uzunmüddətli perspektivdə ədalətli və davamlı olmasının vacibliyi vurğulanıb. Müttəfiq ölkələr Ukraynaya hərbi texnika, yardım və təlim dəstəyi məqsədilə 2026-cı ilə qədər 70 milyard avro vəsait ayıracaqlarını, 2027-ci ildə də bu yardımın həcmini azaltmayacaqlarını bəyan ediblər. Bu xüsusda Avropa İttifaqının Ukraynaya ‘‘Dəstək krediti’’ vasitəsilə çoxillik maliyyələşdirmə ayırmaq qərarı da yüksək qiymətləndirilib.

Sənədin sonunda Alyansın strateji rəqabətə, regional qeyri-sabitliyə və hibrid təhdidlərə qarşı çevik uyğunlaşma qabiliyyəti vurğulanıb, İranın heç bir zaman nüvə silahına sahib olmaması barədə xəbərdarlıq təkrarlanıb və rəsmi Tehrana Hörmüz boğazında naviqasiya azadlığına hörmət etməsi ilə bağlı çağırış edilib. Sammitin yekununda müttəfiq dövlətlər göstərdiyi qonaqpərvərliyə görə Türkiyəyə minnətdarlıqlarını ifadə ediblər.