Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya səfər edən ABŞ Prezidenti Donald Trampı qarşılayıb.
Prezident Ərdoğan amerikalı həmkarını Ankara Hava Limanında şəxsən qarşılayıb. Məlumata görə, rəsmi qarşılama mərasimi Prezident İqamətgahında baş tutacaq. Daha sonra isə liderlər regional və beynəlxalq məsələləri müzakirə etmək üçün təkbətək görüş keçirəcək və nümayəndə heyətləri səviyyəsində baş tutacaq görüşlərə sədrlik edəcəklər. Tərəflərin daha sonra birgə mətbuat konfransında çıxış edəcəyi gözlənilir.
Səfər çərçivəsində ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib.
Qeyd edək ki, NATO-ya üzv və tərəfdaş ölkələrin dövlət və hökumət başçıları alyansın 2026-cı il sammitində iştirak etmək üçün Ankarada bir araya gəlib. Zirvə görüşündə ötən il Haaqada razılaşdırılmış müdafiə xərcləri öhdəliklərinin yerinə yetirilməsi, Ukraynaya hərbi dəstəyin davam etdirilməsi və müdafiə sənayesi istehsalının genişləndirilməsi kimi mühüm mövzular müzakirə olunacaq.














