Fransanın “RFI” radio kanalının aprelin 26-a olan xəbərinə görə, Malinin müdafiə naziri Sadio Kamara aprelin 25-də paytaxt Bamako yaxınlığında yerləşən “Kati” hərbi bazasındakı iqamətgahına “Əl-Qaidə” ilə əlaqəli terror təşkilatı JNIM tərəfindən təşkil olunan hücum nəticəsində qətlə yetirilib.
Məsələylə bağlı “X” platformasında paylaşım edən Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü deyib: “Təşkilatın baş katibi Malinin müxtəlif bölgələrində həyata keçirilən hücumlarla bağlı xəbərlərdən dərin narahatlıq hissi keçirir. O, bu zorakılıq aktlarını qətiyyətlə pisləyir.”
Bildirilir ki, JNIM və tuareq etnik qrupunun rəhbərliyi altında fəaliyyət göstərən silahlı separatçı qruplar Malinin paytaxtı Bamako şəhəri yaxınlığındakı ərazilərlə yanaşı, qızıl hasil olunan bölgələrdə və ölkənin digər hissələrində həyata keçirilən koordinasiyalı hücumlara görə məsuliyyəti öz üzərinə götürüblər. Bu hücumlar hökumətə qarşı davam edən silahlı fəaliyyətlər çərçivəsində indiyədək qeydə alınmış ən genişmiqyaslı hücumlardan biri kimi qiymətləndirilir.
Hadisəylə bağlı “Reuters” xəbər agentliyinin yaydığı məlumata görə, JNIM və tuareq rəhbərliyindəki separatçıların aprelin 26-də paytaxta hücumundan sonra şəhər yaxınlığındakı bir qarnizon şəhərində silah səsləri eşidilib.
Birləşmiş Millətlər Təşkilatı (BMT) aprelin 25-də baş verən genişmiqyaslı hücumlardan sonra Qərbi Afrikadakı Sahel bölgəsində artan zorakılıq və terrorizmə qarşı beynəlxalq səviyyədə cavab tədbirlərinin gücləndirilməsinə çağırıb.
Tuareq rəhbərliyindəki separatçılar bildiriblər ki, Rusiyaya məxsus qüvvələrin ölkənin şimalındakı Kidal şəhərindən geri çəkilməsinə imkan verən razılaşma əldə olunub. Onlar qeyd edirlər ki, həmin şəhər hazırda onların nəzarətindədir.
Kidal şəhərində yaşayan bir nəfər “Agence France-Presse” xəbər agentliyinə verdiyi müsahibədə deyib: “Bir hərbi karvanın ərazini tərk etdiyini gördük, lakin baş verənlərin təfərrüatını bilmirik... Silahlı qrupların döyüşçüləri artıq küçələrə nəzarəti ələ alıb.”
Bildirilir ki, hücum nəticəsində həlak olanlar və yaralananlarla bağlı hələlik dəqiq məlumat yoxdur. Tuareq rəhbərliyindəki separatçıların hücum zamanı hökumət qüvvələrindən ələ keçirdiklərini iddia etdikləri Kidal şəhərinin taleyi də hələ qeyri-müəyyən olaraq qalır.










