Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Kosta Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısının açılışında çıxış edərək Cənubi Qafqazda yaranan yeni siyasi reallıqları yüksək qiymətləndirib. A.Kosta bildirib ki, Ermənistanla Azərbaycan arasında əldə olunan sülh razılaşması və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması sayəsində region köklü dəyişikliklər mərhələsinə qədəm qoyub.
Müasir dünyada müharibələrin artdığı bir vaxtda bu razılaşmanı "uğurlu sülh hekayəsi" adlandıran A.Kosta toplantının məhz bu nailiyyətlər sayəsində tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. A.Kosta qeyd edib ki, əldə olunan tərəqqi regionda nəqliyyat dəhlizləri, rəqəmsal şəbəkələr, enerji əlaqələri və strateji bazarların inkişafı üçün yeni imkanlar açır.
Aİ rəsmisinin sözlərinə görə, bu müsbət dinamika təkcə iqtisadi dövriyyəyə və insanların hərəkətinə töhfə vermir, həm də qonşu dövlətlər arasında etimad mühiti yaradaraq birgə inkişafı stimullaşdırır. Kosta Avropa İttifaqının bu vizyonun gerçəkləşməsində etibarlı tərəfdaş olmağa hazır olduğunu bildirib. O, həmçinin sülh prosesinin daimi olması üçün Ermənistanda demokratik islahatların dəstəklənməsinin, xarici müdaxilə və dezinformasiya ilə mübarizənin vacibliyini diqqətə çatdırıb.





