Türkiyə Respublikası Xarici İşlər Nazirliyi mayın 18-də Qəzzaya humanitar yardım aparan "Qlobal Sumud" donanmasına İsrail qüvvələrinin beynəlxalq sularda müdaxilə etməsi ilə bağlı bəyanat yayıb. Verilən açıqlamada İsrail qüvvələrinin bu addımı pislənərək bunun yeni bir dəniz quldurluğu aktı olduğu bildirilib.
Nazirliyin bəyanatında deyilir: “Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yaradılan "Qlobal Sumud" donanmasına beynəlxalq sularda İsrail qüvvələri tərəfindən həyata keçirilən müdaxiləni yeni bir dəniz quldurluğu aktı kimi pisləyirik.”
Açıqlamada donanmada təxminən 40 ölkədən vətəndaşların olduğu qeyd edilib. Həmçinin İsrailin hücum və qorxutma siyasətinin Fələstin xalqı ilə beynəlxalq həmrəyliyə mane ola bilməyəcəyi vurğulanıb.
Nazirlik eyni zamanda İsrailə müdaxiləni dərhal dayandırmaq və saxlanılan iştirakçıları qeyd-şərtsiz azad etmək barədə çağırış edib.
Türkiyə rəsmi qurumlarının donanmada olan Türkiyə vətəndaşlarının təhlükəsiz şəkildə geri qayıtması üçün zəruri təşəbbüslər irəli sürdüyü ifadə olunub. Hadisələrin digər ölkələrlə koordinasiyalı şəkildə yaxından təqib edildiyi də diqqətə çatdırılıb.
Xəbər verildiyi kimi, İsrail ordusu mayın 18-də Qəzzaya doğru irəliləyən "Qlobal Sumud" humanitar yardım donanmasına beynəlxalq sularda hücum edib. Donanmadan yayımlanan canlı yayımlarda İsrail hərbi dəniz qüvvələrinin gəmiləri bir-bir saxladığı görülüb.
İsrailin "Yedioth Ahronoth" qəzeti isə donanmada saxlanılan fəalların Aşdod limanına aparılmazdan əvvəl “üzən həbsxana” adlandırılan bir hərbi gəmiyə köçürüldüyünü yazıb.
"Qlobal Sumud" yardım donanması isə yaydığı bəyanatda Qəzzaya yönəlmiş humanitar yardım missiyası üçün təhlükəsiz keçid tələb edib. Donanma rəsmiləri İsrailini qeyri-qanuni dəniz quldurluğu hərəkətləri törətməkdə günahlandırıblar.
Donanmanın yaydığı bəyanatda deyilir: “İsrail hərbi qüvvələri donanmanı dayandıraraq gəmilərimizdən birincisinə beynəlxalq sularda, günün günorta çağı hücum etdi. Qanuni və zorakılıq ehtiva etməyən humanitar yardım missiyamız üçün təhlükəsiz keçid tələb edirik.”



















