Türkiyənin Xarici İşlər Nazirliyi 19 may tarixində Yunanıstanda baş verən bəzi hadisələr və səsləndirilən bəyanatlarla bağlı yazılı açıqlama yayıb.
Nazirliyin bəyanatında qeyd olunub ki, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Samsuna gələrək Yunanıstan da daxil olmaqla işğalçı qüvvələrə qarşı milli mübarizəni başlatdığı 19 may 1919-cu il tarixi türk milləti tərəfindən "Atatürkü Anma, Gənclik və İdman Günü" kimi hər il coşğu ilə qeyd edilir.
Sənəddə Yunanıstanın 1994-cü ildə qəbul etdiyi qanunvericiliklə ortaya atdığı qondarma "Pontus" iddiası vasitəsilə Türkiyəyə qarşı hüquqi cəhətdən əsassız iddialar irəli sürdüyü, həmçinin bu tezisləri Təhsil Nazirliyinin qərarları ilə ibtidai və orta məktəblərdə uşaqlara tədris etdiyi vurğulanıb.
Türkiyə XİN bəyan edib ki, Yunanıstan "Megali İdea" xəyalı ilə başladığı işğal cəhdinin uğursuzluqla bitməsindən sonra bu cür iddialarla həm öz məğlubiyyətini, həm də törətdiyi ağır vəhşilikləri gizlətməyə çalışır. Açıqlamada Yunanıstan ordusunun törətdiyi hərbi cinayətlərin Müttəfiq Dövlətlər Təhqiqat Komissiyasının hesabatlarında və Lozanna Sülh Müqaviləsinin 59-cu maddəsində sənədləşdirildiyi xatırladılıb. Rəsmi Ankara Yunanıstan hakimiyyətini tarixi siyasi məqsədlər üçün istismar etməyi dayandırmağa, 1821-ci il Tripoliçe qırğınından başlayaraq və 15 may 1919-cu ildə İzmirin işğalı cəhdi ilə davam edən türklərə qarşı vəhşiliklərlə üzləşməyə çağırıb.



























