TÜRKİYƏ
3 dəqiqə oxuma
Su təhlükəsizliyinin prioritetləşdirilməsi fonunda Türkiyə tətbiqyönümlü COP31-i müdafiə edir
Mütəxəssislər iqlim mənşəli zərərlərin 80%-ni su ilə bağlı risklərin təşkil etdiyinə diqqət çəkərək, özəl sektordan təcili investisiya qoyuluşunu tələb edirlər
Su təhlükəsizliyinin prioritetləşdirilməsi fonunda Türkiyə tətbiqyönümlü COP31-i müdafiə edir
Forumun birinci gününün sessiyaları yekunlaşdı.(COP31) / AA

İqlim təsirlərinin kəskinləşməsi fonunda ekspertlər İstanbulda bir araya gəlib. Mütəxəssislər iqlim mənşəli zərərlərin 80%-ni su ilə bağlı risklərin təşkil etdiyinə diqqət çəkərək, özəl sektordan təcili investisiya qoyuluşunu tələb edirlər.

Türkiyənin su təhlükəsizliyi problemləri Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Mərkəzində üç gün davam edən 5-ci İstanbul Beynəlxalq Su Forumundakı müzakirələrin mərkəzindədir. Forumda rəsmilər və beynəlxalq ekspertlər Ankaranın bu ilin sonunda ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim sammiti COP31 üçün zəmin hazırlayırlar.

“İqlim Dəyişikliyinə Uyğunlaşmada Su Davamlılığı: İnnovasiyadan Qlobal Fəaliyyətə (COP31 Yol Xəritəsi) Yüksək Səviyyəli İclası” adlı panel hökumət nazirlərini, BMT rəsmilərini və iqlim mütəxəssislərini bir araya gətirərək, suyun qlobal iqlim fəaliyyətinin mərkəzində necə yer almasının vacibliyini qiymətləndirib.

Türkiyə COP31-ə ev sahibliyi edərək beynəlxalq iqlim siyasətini formalaşdırmağa hazırlaşdığı bir vaxtda, iştirakçılar su böhranının iqlim böhranı və iqtisadi inkişaf ilə birbaşa bağlı olduğu barədə xəbərdarlıq ediblər.

Türkiyənin COP31 vizyonu

Kənd təsərrüfatı və meşə nazirinin müavini Ahmet Bağcı ölkənin COP31 üçün ənənəvi diplomatik danışıqlardan kənara çıxan aydın bir vizyona sahib olduğunu bildirib. Bağcı “Türkiyə bu sahədəki təcrübələrini beynəlxalq platformalara daşımaqda və COP31 prosesində suyu, kənd təsərrüfatını və qida sistemlərinin transformasiyasını mərkəzi mövqeyə gətirməkdə qərarlıdır”-deyə qeyd edib.

İqlim Dəyişikliyi İdarəsinin rəhbəri Halil Hasar isə deyib: ”Bu, bir dönüş nöqtəsi funksiyasını yerinə yetirəcək və tətbiq yönümlü olacaq. Biz bu COP31-in COP-un gələcəyini müəyyənləşdirməsini gözləyirik. Bu sammit əvvəlkilərdən fərqli olacaq. Paris Sazişinin artıq ikinci onilliyinə qədəm qoymuşuq. İlk 10 ildə çox iddialı öhdəliklər götürüldü. İndi bu iddialı hədəflərin konkret nəticələrə çevrilməsi lazımdır”.

“Suyun səsini dinləyərək suya görə planlama aparmalıyıq”

Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin Su İdarəetməsi üzrə baş direktoru Afire Sever qeyd edib ki, iqlim dəyişikliyi Türkiyənin həssas Aralıq dənizi iqlim zonasında həm quraqlıqları, həm də daşqınları kəskinləşdirir. Sever “Suyun səsini dinləyərək suya görə planlama aparmalıyıq və bu planlamada mütləq şəkildə su səmərəliliyi yer almalıdır” deyib.

‘Türkiyə COP31 su gündəmində əsas rol oynayır’

Dünya Bankının Türkiyə üzrə ölkə direktoru Humberto Lopez suyun təkölçülü məsələ olmadığını, azalan yağıntıların, artan temperaturların və yüksələn tələbatın eyni vaxtda nəzərə alınmalı olduğunu vurğulayıb. Lopezin sözlərinə görə, yağıntıların azalmasına baxmayaraq, suya olan tələbatın təxminən 40% artacağı gözlənilir.

O, qlobal su sektorunun illik təxminən 140 milyard dollar investisiyaya ehtiyacı olduğunu, lakin hazırkı maliyyələşmənin bu məbləğdən geri qaldığını bildirib. Bu boşluğu doldurmaq üçün özəl sektorun iştirakı artırılmalıdır.

Su infrastrukturuna investisiyalarda özəl sektorun rolu

Hökumətlərarası İqlim Dəyişikliyi Paneli (IPCC) sədr müavini Şiir Kılkış bildirib ki, təkcə daşqınlar ölkələrin ÜDM-nin (Ümumi Daxili Məhsul) 1,5%-dən 1,8%-nə qədər itirilməsinə səbəb ola bilər.

BMT İnkişaf Proqramının (UNDP) rəsmisi Nick Hartmann iqlim təsirlərinin təxminən 80%-nin su ilə bağlı olduğunu vurğulayaraq bildirib: “Özəl sektor su infrastrukturunda daha effektiv rol oynaya bilər və tədarükün 70-80%-nə qədər töhfə verə bilər”.

Forum panel iclasları ilə işini davam etdirəcək.