Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 6-da paytaxt Ankarada Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan əl-Səudu qəbul edib.
Prezident İqamətgahında mətbuata qapalı şəkildə keçirilən görüşdən əvvəl iki ölkənin xarici işlər nazirləri Türkiyə-Səudiyyə Ərəbistanı Koordinasiya Şurasının üçüncü iclasına həmsədrlik edərək ikitərəfli münasibətləri və Qəzza da daxil olmaqla, regional prosesləri müzakirə ediblər.
Türkiyənin xarici işlər naziri Hakan Fidan “NSosyal” platformasında paylaşdığı açıqlamada iclasın hər iki ölkədən müvafiq nazirlik və qurumların iştirakı ilə keçirildiyini bildirib.
İkitərəfli münasibətlərin gücləndirilməsi
Məsələylə bağlı açıqlama verən Türkiyə XİN rəhbəri H.Fidan tərəflərin ticarət, enerji, müdafiə, təhsil, mədəniyyət, turizm və nəqliyyat kimi strateji sahələrdə komitə işlərinin nəzərdən keçirildiyini və ikitərəfli münasibətlərin institusional çərçivədə müzakirə edildiyini qeyd edib.
Nazir H.Fidan həmçinin görüşlərdə regional məsələlərin, xüsusilə Qəzzadakı vəziyyətin müzakirə olunduğunu və iki ölkənin diplomatik və xüsusi pasport sahibləri üçün qarşılıqlı viza azadlığı haqqında saziş imzalandığını bildirib.
Türkiyənin xarici işlər naziri səfərə görə səudiyyəli həmkarına və onu müşayiət edən nümayəndə heyətinə təşəkkür edib, əldə olunan razılaşmaların hər iki ölkəyə töhfə verəcəyinə ümid etdiyini ifadə edib.













