TÜRKİYƏ
1 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan kiber təhlükəsizlik sahəsində daha güclü koordinasiya çağırışı edib
Qazaxıstanda səfərdə olan ölkə başçısı Türk dünyasının həmrəylik içində hərəkət etməsinin strateji vacibliyindən bəhs edib
Prezident R.T.Ərdoğan kiber təhlükəsizlik sahəsində daha güclü koordinasiya çağırışı edib
Prezident R.T.Ərdoğan kiber təhlükəsizlik sahəsində daha güclü koordinasiya çağırışı edib / Anadolu Agency

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın bölgələrdə davam edən böhranların “Türk dünyasının həmrəylik içində hərəkət etməsinin strateji vacibliyini bir daha ortaya qoyduğunu” ifadə edib.

Bu barədə ölkə başçısı R.T.Ərdoğan mayın 15-də Qazaxıstanın Türkistan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində danışıb. Tədbirdə çıxış edən Prezident R.T.Ərdoğan deyib: “Fələstin, Livan, İran, Ukrayna və daha bir çox böhran müdafiəmizi gücləndirməli və sənaye sahəsində əməkdaşlığımızı artırmalı olduğumuza işarə edir.”

Türkiyənin növbəti dövr sədrliyi zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində kiber təhlükəsizlik sahəsindəki koordinasiya və əməkdaşlığı daha da irəli aparmağı hədəflədiyini qeyd edən R.T.Ərdoğan kiber təhlükəsizliyin müasir dünyada eynilə quru, hava və dənizdəki təhlükəsizlik qədər həyati və zəruri olduğunu diqqətə çatdırıb.

Dövlət başçısı R.T.Ərdoğan həmçinin Türk dünyasının Şimali Kipr Türk Respublikası ilə siyasi, iqtisadi və mədəni əlaqələrini gücləndirərək davam etdirməsini arzuladığını bildirərkən, mədəni və rəqəmsal əməkdaşlığa toxunaraq, Ortaq Türk Əlifbasının təhsildən mədəniyyətə, akademik əməkdaşlıqdan rəqəmsal transformasiyaya qədər geniş bir sahədə istifadə edilməsinin vacibliyini vurğulayıb.

Mövzu ilə bağlı çıxış edən R.T.Ərdoğan deyib: “Ortaq dilimizin zənginliyini rəqəmsal dünyada görünən edəcək Türk Dili Modeli və bənzəri süni intellekt əsaslı təşəbbüslərin dəstəklənməli olduğuna inanırıq.”

MƏNBƏ:TRT