İsrailin beynəlxalq sularda ələ keçirdiyi “Qlobal Sumud” humanitar yardım donanmasının gəmilərində olan Türkiyə vətəndaşları və müxtəlif ölkələrdən digər fəalların İstanbula çatdığı bildirilir.
Qrup üzvlərinin mayın 1-də gecə saatlarında xüsusi reyslə İstanbula gəldiyi qeyd olunur.
“Türk Hava Yolları”na məxsus təyyarə Yunanıstanın Krit adasından 18-i Türkiyə vətəndaşı olmaqla ümumilikdə 59 nəfəri daşıyıb. “TK6934” reysi ilə uçuş həyata keçirən təyyarə yerli vaxtla saat 21:45-də İstanbul Hava Limanına eniş edib.
Fəallar hava limanının VIP terminalında yaxınları və rəsmi şəxslər tərəfindən qarşılanıb. Qarşılanmadan sonra qrupun İstanbul Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində İstanbul Məhkəmə-Tibbi Ekspertiza İnstitutunda tibbi müayinədən keçirilməsi gözlənilir.
Xatırladaq ki, aktivistlər İsrailin Qəzza blokadasını yarmaq və əsas humanitar yardım vasitələrini çatdırmaq məqsədi daşıyan beynəlxalq təşəbbüs olan “Qlobal Sumud” donanmasının tərkibində yer alırdılar.
Donanmanın 2026-cı ilin yaz missiyası 12 aprel tarixində İspaniyanın Barselona şəhərindən yola düşüb və 26 aprel tarixində səfərini davam etdirməzdən əvvəl Siciliya sahillərində yenidən bir araya gəlib.
Təşkilatçıların məlumatına görə, İsrail ordusu gəmiləri 29 aprel gecəsi Krit adası yaxınlığında, Qəzzadan təxminən 600 dəniz mili məsafədə yerləşən beynəlxalq sularda və Yunanıstanın ərazi sularının yaxınında dayandırıb.
Fəallar İsrail qüvvələri tərəfindən saxlanılıb; aparılan əməliyyat zamanı qayıqlara zərər verilib.
Qeyd edək ki, donanmanın təşkilatçıları missiyada Türkiyə vətəndaşları da daxil olmaqla 39 ölkədən 345 iştirakçının yer aldığını bildirib.
















