SİYASƏT
1 dəqiqə oxuma
İtaliya İsrailə çağırış etdi
İtaliya hökuməti İsrail qüvvələrinin Qəzzaya humanitar yardım aparan və 44 ölkədən 428 fəalı daşıyan Qlobal Sumud Donanmasına müdaxiləsindən sonra hərəkətə keçib
İtaliya İsrailə çağırış etdi
İtaliya İsrailə çağırış etdi / AP

İtaliya hökuməti İsrail qüvvələrinin Qəzzaya humanitar yardım aparan və 44 ölkədən 428 fəalı daşıyan Qlobal Sumud Donanmasına müdaxiləsindən sonra hərəkətə keçib.

İtaliya Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, nazir Antonio Tajani israilli həmkarı Gideon Saar ilə telefon əlaqəsi saxlayaraq gəmidəki fəalların dərhal sərbəst buraxılmasını istəyib. Bəyanatda Tajaninin gecə boyu israilli həmkarı ilə bir neçə dəfə danışdığı, saxlanılan İtaliya parlamentinin üzvü və jurnalist daxil olmaqla, bütün vətəndaşlarının dərhal azad edilərək ölkədən çıxarılmasında israr etdiyi vurğulanıb. Nazirlik həmçinin fəalların təhlükəsizliyinin və hüquqlarının qorunmasının vacibliyini diqqətə çatdırıb.

İtaliyanın İsraildəki səfirliyi vətəndaşlarına konsulluq yardımı göstərmək üçün İsrail rəsmiləri ilə sıx əlaqə saxlayır.

Qeyd edək ki, Qlobal Sumud Donanması çərşənbə axşamı günü yardım karvanındakı 50 gəminin hamısının İsrail tərəfindən ələ keçirildiyini bəyan edib. Mayın 15-də Türkiyədən yola düşən gəmilərin göyərtəsində 78 Türkiyə vətəndaşı da daxil olmaqla ümumilikdə 428 nəfər olub.