TÜRKİYƏ
6 dəqiqə oxuma
Tarixi dəyişdirən qələbə: İstanbulun fəthi
Tarix boyu Roma, Bizans və Osmanlı imperiyalarının paytaxtı olmuş İstanbul "İkinci Roma", "Yeni Roma", "Bizans" və "Konstantinopol" kimi müxtəlif adlarla tanınmışdır
Tarixi dəyişdirən qələbə: İstanbulun fəthi
Tarixi dəyişdirən qələbə: İstanbulun fəthi

Tarix boyu Roma, Bizans və Osmanlı imperiyalarının paytaxtı olmuş İstanbul "İkinci Roma", "Yeni Roma", "Bizans" və "Konstantinopol" kimi müxtəlif adlarla tanınmışdır. Yenikapıda aparılan arxeoloji qazıntılar bu qədim şəhərin 8000 illik tarixi köklərə malik olduğunu sübut edir. Şəhərin tarixindəki ən böyük dönüş nöqtələrindən biri eramızın IV əsrində imperator Böyük Konstantinin Roma taxtını ələ keçirərək buranı yeni imperiyanın paytaxtı elan etməsi olub. Bundan sonra şəhərdə çoxsaylı məbədlər, rəsmi binalar, saraylar, hamamlar və hippodrom inşa edilərək, o, pravoslav xristianlığının ən mühüm mərkəzinə çevrilib. Tarix boyu fərqli ordular tərəfindən 30 dəfə mühasirəyə alınan və həm müsəlmanlar, həm də xristianlar üçün geosiyasi qapı rolunu oynayan bu strateji şəhər, 1204-cü ildə Səlib yürüşləri zamanı latınlar tərəfindən işğal edilib.

İstanbul həm də İslam dünyası üçün fəth edilməsi hədəflənən ən vacib müqəddəs məkanlardan biri kimi şöhrət qazanmışdır. Məhəmməd peyğəmbərin "Konstantinopol mütləq fəth ediləcək. Onu fəth edən sərkərdə nə gözəl sərkərdə, o ordu nə gözəl ordudur" hədisindən ilham alan müsəlmanlar şəhərə doğru bir neçə yürüş təşkil ediblər. Bu çərçivədə Əməvilər dövründə şəhərə üç dəfə hücum edilib. 781-782-ci illərdə isə Abbasilər tərəfindən daha bir hərbi yürüş həyata keçirilib. Müaviyə ibn Əbu Süfyanın rəhbərlik etdiyi və peyğəmbərin bəzi səhabələrinin də qatıldığı ilk Konstantinopol mühasirəsi İslam tarixində silinməz izlər qoyub. Məhəmməd peyğəmbəri Mədinəyə hicrət edərkən evində qonaq edən Əbu Əyyub əl-Ənsarinin bu mühasirədə iştirak etməsi və şəhər divarları önündə şəhid olması, sonrakı əsrlərdə və xüsusilə 1453-cü ildə fəthə aparan yolda İslam dünyası üçün ən böyük mənəvi motivasiya mənbəyinə çevrilmişdir.

Məhəmməd peyğəmbərin fəthini əvvəlcədən müjdələdiyi Konstantinopol əsrlər boyu müsəlman hökmdarlarının ən böyük hədəfi və vəd edilmiş İslam şəhəri olub. Dünyanın ən möhtəşəm mühasirə və müdafiə əməliyyatlarına şahidlik edən İstanbul, Osmanlıların 1453-cü ildəki tarixi fəthindən əvvəl müxtəlif xalqlar və sivilizasiyalar tərəfindən onlarla dəfə mühasirəyə alınıb.

Şəhər qədim dövrlərdə (miladdan öncə) Makedoniya kralı Filip və Roma imperatoru Septimius Severus tərəfindən hədəf seçilib. Miladdan sonra isə Sasani (Fars) imperiyası, Avar türkləri, Əməvilər, Abbasilər, Birinci və İkinci Bolqar imperiyaları tərəfindən mühasirəyə məruz qalıb. Bundan əlavə, ruslar, Kiyev knyazlığı, Səlibçilər, Nikeya imperiyası, Venesiya və Genuya respublikaları, son olaraq isə Osmanlı imperiyası bu strateji şəhəri ələ keçirmək üçün müxtəlif dövrlərdə hərbi yürüşlər təşkil ediblər.

Bəzi tarixi mənbələrdə hun imperatoru Attilanın, vikinqlərin və qotların da şəhəri mühasirəyə aldığı qeyd olunsa da, İstanbula yönələn son və həlledici hücum 1453-cü ildə Osmanlı sultanı II Mehmed tərəfindən həyata keçirilib. Taxta çıxdıqdan sonra fəth hazırlıqlarına başlayan II Sultan Mehmed Bizansa gələcək dəniz dəstəyinin kəsilməsini strateji hədəf seçib. Bu məqsədlə o, 1452-ci ildə I Bəyazid tərəfindən inşa edilmiş Anadolu qalasının tam qarşısında Rumeli qalasını tikdirib. Beləliklə, Dunay çayı və Qara dəniz vasitəsilə İstanbula daxil ola biləcək xarici yardımların qarşısı tamamilə alınıb.

İstanbulun keçilməz hesab olunan hündür və qalın divarlarını dağıtmaq üçün dövrün ən qabaqcıl mühəndisləri tərəfindən nəhəng toplar tökülüb. 1453-cü ilin fevral ayında Ədirnədən yola salınan bu qədim artilleriya silahları Sultanın əmri ilə İstanbul ətrafına gətirilib. Paralel olaraq, Karaca Paşanın komandanlığı altındakı 10 min nəfərlik ordu İstanbul yaxınlığındakı Vize, Silivri və Ayastefanos (Yeşilköy) qalalarını fəth edərək mühasirə dairəsini daraldıb.

Sultan II Mehmed aprel ayına qədər imperiyanın bütün əyalətlərindən qoşunları səfərbər edib və aprelin 5-də Osmanlı ordusu onun birbaşa komandanlığı altında İstanbul divarları önünə yeridilib. Bu tarixi yürüşdə Ağşəmsəddin, Ağbıyık və Molla Gürani kimi dövrün ən nüfuzlu elm və din xadimləri də Sultanın yanında yer alaraq orduya mənəvi dəstək veriblər. Hərbi əməliyyatlar zamanı Sultan II Mehmed Anadolu tərəfini və Haliç (Qızıl Buynuz) sahillərini nəzarətdə saxlayarkən, Zağanos Paşa Bəyoğlunu fəth edərək Qalata istiqamətinə irəliləyib. Mühasirənin ilk günündə II Mehmed Bizans imperatorunun yanına Mahmud Paşanı elçi kimi göndərərək şəhərin qan tökülmədən təslim edilməsini təklif etsə də, bu sülh təklifi Bizans tərəfindən rədd edilib.

Sultan II Mehmed 6 aprel 1453-cü ildə Konstantinopolun mühasirəsinə başlayıb. Osmanlı ordusu şəhəri həm qurudan, həm də dənizdən mühasirəyə alaraq güclü artilleriya atəşi ilə divarları sarsıtsa da, Bizans tərəfi dağılan hissələri dərhal təmir edərək türklərin şəhərə daxil olmasının qarşısını alıb. Mühasirənin gedişatında Osmanlı donanmasının Bizansa köməyə gələn Genuya və Venesiya gəmilərini saxlaya bilməməsi müharibənin taleyini Bizansın xeyrinə dəyişməyə başlayıb. Üstəlik, Haliç (Qızıl Buynuz) ilə Karaköy arasında çəkilmiş nəhəng zəncir Osmanlı gəmilərinin körfəzə daxil olmasına imkan vermirdi.

Bu kritik vəziyyətdən çıxış yolu kimi Sultan II Mehmed hərb tarixinə düşəcək dahi addım atıb. Onun əmri ilə 21-22 aprel gecəsi 72 döyüş gəmisi quru yolu ilə — Dolmabahçedən keçirilməklə Haliç sularına endirilib. Bir gecədə dəniz qüvvələrinin körfəzə sızması və aprelin 22-də oradan Bizans divarlarını atəşə tutması şəhər müdafiəçilərini şoka salıb. Bizanslılar gözlənilməz yerdən gələn bu zərbə qarşısında böyək təəccüb və çarəsizlik yaşayıblar. Gəmilərin Haliçə endirilməsi ilə döyüşün strateji üstünlüyü tamamilə Osmanlıların tərəfinə keçib.

Həlledici böyük hücumdan əvvəl, mayın 24-də Sultan Mehmed İsfəndiyaroğlu Qasım bəyi imperatorun yanına elçi göndərərək şəhərin təslim edilməsini sonuncu dəfə tələb etsə də, yenə heç bir razılıq əldə olunmayıb. Nəhayət, II Mehmed mayın 29-u səhər tezdən ümumi hücum əmri verib. Divarları aşan Osmanlı əsgərləri açıq qalan qapılardan daxil olaraq şəhəri tam nəzarətə götürüblər. Beləliklə, 29 may 1453-cü ildə Konstantinopol fəth edilib. Məhəmməd peyğəmbərin əsrlər əvvəl verdiyi müjdəyə nail olaraq "Fateh" titulunu qazanmış Sultan II Mehmed şəhərin talan edilməsinə icazə verməyərək böyük tolerantlıq nümayiş etdirib, fəthin simvolu olaraq isə Ayasofyanı məscidə çevirib.

Tarixşünas və yazıçı Zəfər Bilgi İstanbulun fəthinin sadəcə bir şəhərin ələ keçirilməsi deyil, dünya tarixində bütöv bir dönüş nöqtəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Fateh Sultan Mehmed bu fəthi dövlət üçün bir ölüm-dirim məsələsi kimi qəbul edirdi.

Zəfər Bilgi Osmanlı ordusunun İstanbulun mühasirəsi zamanı tətbiq etdiyi hərbi metodların öz dövrünü qabaqladığını diqqətə çatdırıb. Tarixçi qeyd edib ki, gəmilərin quru ilə yeridilməsi, təkərli qüllələrdən istifadə olunması, Rumeli qalasının tikintisi və lağımların qazılması kimi mürəkkəb hərbi taktikalar mühasirənin uğurla başa çatmasında həlledici rol oynayıb.

Fəthin qlobal siyasi və mədəni nəticələrinə toxunan Bilgi bildirib ki, İstanbulun süqutu ilə xristian dünyasında Qərbin üstünlüyünün Şərqə keçdiyi və Şərq dünyasının Avropaya hakim olduğu bir dövr başlayıb. Bu hadisə həmçinin Avropada daxili mühakimələrə səbəb olaraq İntibah və Reformasiya hərəkatlarının başlamasına təkan verib. Beləliklə, fəth daxili böhranlar yaşayan Avropa üçün yeni bir intibah dövrünün başlanğıcı olub.

Zəfər Bilgi həmçinin bildirib ki, fəthdən sonra İstanbulda dini, mədəni və sosial strukturların sürətli inkişafı təmin edilib və Sultan Mehmed şəhəri qısa müddətdə dünyanın ən möhtəşəm mərkəzlərindən birinə çevirməyi hədəfləyib. Zəfər Bilgi Osmanlı dövlətinin qlobal bir imperiyaya çevrilməsinin və II Mehmedin bu imperiyanın real qurucusu kimi tarixə düşməsinin məhz İstanbulun fəthi ilə reallaşdığını vurğulayıb.