Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) suallarını cavablandırıb.
İki ölkə arasındakı əlaqələrin unikal tərəfdaşlıq xarakteri daşıdığını vurğulayan Numan Kurtulmuş bildirib ki, bu güclü bağın ən mühüm sütunlarından biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı səmimi və etimada əsaslanan qardaşlıq münasibətləridir.
TBMM sədri qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri ifadə edən "strateji müttəfiqlik" anlayışı vacib olsa da, mövcud münasibətlərin dərinliyini tam təsvir etmək üçün kifayət deyil. O, strateji müttəfiqliyin adətən iki fərqli ölkə və ayrı-ayrı millətlər arasında qurulduğunu diqqətə çatdırıb. Türkiyə ilə Azərbaycanın isə "iki ayrı dövlət" olmasına baxmayaraq, "iki ayrı millət" olmadığını vurğulayan Kurtulmuş hər iki ölkənin eyni tarixi yaddaşı, mədəniyyəti və taleyi paylaşan bir bütöv olduğunu bildirib. Numan Kurtulmuş bildirib ki, məhz bu səbəbdən klassik beynəlxalq münasibətlər terminologiyası Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz bağı ifadə etməkdə yetərsiz qalır.
Türkiyə ilə Azərbaycanın məsələlərə ortaq tale və gələcək perspektivindən yanaşdığını bildirən TBMM sədri Numan Kurtulmuş iki ölkə arasındakı münasibətlərin klassik müttəfiqlikdən daha üstün olduğunu vurğulayıb. O, bu əlaqələrin ortaq gələcək quran, regional sabitliyə istiqamət verən və dünyaya nümunə olan unikal bir tərəfdaşlıq xarakteri daşıdığını diqqətə çatdırıb. Numan Kurtulmuş bu güclü bağın ən mühüm sütunlarından birinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasındakı səmimi, etimada əsaslanan qardaşlıq və liderlik münasibətləri olduğunu qeyd edib. O, liderlər arasındakı harmoniyanın bütün sahələrdə əməkdaşlığın sürətləndirilməsində və dərinləşdirilməsində həlledici amilə çevrildiyini bildirib.
Parlamentlər arası əməkdaşlığın bu tərəfdaşlığın institusional təməlini gücləndirdiyini deyən TBMM sədri birgə iştirak etdikləri beynəlxalq platformalarda və çoxtərəfli mexanizmlərdə Türkiyə və Azərbaycan parlamentlərinin eyni mövqeyi nümayiş etdirməsindən məmnunluğunu ifadə edib. O, bunun iki ölkə arasındakı ahəngdar koordinasiyanın ən konkret göstəricisi olduğunu vurğulayıb. Numan Kurtulmuş qarşıdakı dövrdə əsas məqsədin xüsusilə ticarət, enerji, nəqliyyat və müdafiə sənayesi sahələrində daha dərin inteqrasiyaya nail olmaqla bu unikal tərəfdaşlığı daha da inkişaf etdirmək olduğunu diqqətə çatdırıb.













