Bu gün uşaqlıq dövrü xərçəng xəstəliklərini, erkən diaqnostikanın əhəmiyyətini və bir mütəxəssisin gözü ilə bu xəstəliklə mübarizəni diqqət mərkəzinə gətiririk.
Xərçəng cinsiyyət və yaş fərqi qoymadan hər kəsdə görünə bilən bir xəstəlikdir. Lakin uşaqlarda görülən xərçəng növləri böyüklərdəki xəstəliklərdən fərqlənir. Məhz bu barədə maarifləndirməni genişləndirmək məqsədilə 2002-ci ildən bəri hər il 15 fevral "Uşaqlıq Dövrü Xərçəng Xəstələri Günü" kimi qeyd olunur.
Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərinə görə, dünyada hər il 0 ilə 19 yaş arası uşaqlarda 400 mindən çox yeni xərçəng xəstəliyi növü aşkar edilir. Türkiyədə isə bu rəqəm ildə təxminən 4.700 təşkil edir.
Bəs uşaqlıq dövründə daha çox hansı xərçəng növlərinə rast gəlinir? Ailələr hansı əlamətləri müşahidə etdikdə vaxt itirmədən tədbir görməlidir? Bu və digər sualların cavabını “TRT Haber” telekanalına müsahibə verən Səhiyyə Elmləri Universiteti Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasının Uşaq Hematologiyası və Onkologiyası mütəxəssisi professor Ali Ayçiçəklə birlikdə aydınlaşdırırıq.
Professor Ali Ayçiçək uşaqlıq dövrü xərçəng xəstəliklərinin nə sıxlıqla baş verdiyini yaşa görə dəyişdiyini vurğulayır və əlavə edir: "Bu xəstəliklər arasında qan xərçəngi və baş beynin şişləri ilk sıralarda gəlir."
Qan xərçəngi kimi də tanınan leykoz uşaqlıq dövrü xərçəng xəstəliklərinin 30 faizini təşkil edir. Qalan 70 faizini isə mərkəzi sinir sistemi şişləri, limfoma və solid (bərk) şişlər əmələ gətirir.
Bu xəstəlik yaş qruplarına görə isə belə bölünür: Qan xərçənginə 10 yaşa qədər uşaqlarda daha çox rast gəlinir. Limfoma isə yeniyetməlik dövründə üzə çıxır. Sinir kök hüceyrələrində inkişaf edən neyroblastom 5 yaşdan kiçik uşaqlarda, böyrək şişi kimi bilinən “Uilms şişi” isə daha kiçik yaşlarda qarşımıza çıxır.
Bu xərçəng növlərinin bir çoxu erkən mərhələdə müəyyən edildikdə müalicədə yüksək uğur əldə olunur. Lakin buna baxmayaraq, dünyada hər il 100 min uşaq bu xəstəliklər səbəbindən həyatını itirir.
Məhz buna görə də simptomları vaxtında aşkar etmək erkən diaqnostika baxımından həyati əhəmiyyət kəsb edir.
Leykoz zamanı diqqət yetirilməli olan əlamətlər bunlardır: Dərinin solğunlaşması, bədəndə ləkələrin yaranması və halsızlıq. Səbəbi bilinməyən və 3-5 gündən artıq davam edən qızdırma halı. Əvvəlki kimi hərəkətli olmamaq və iştahasızlıq. Bir də gecələr uşağı yuxudan oyandıran bədən ağrıları. Professor Ali Ayçiçək vacib bir məqamı xüsusi qeyd edir: "Yalnız rəngi solduğu üçün uşağa xərçəng diaqnozu qoymaq doğru deyil. Bu əlamətlərin bir neçəsi eyni vaxtda müşahidə olunduqda xərçəng ehtimalı artır."
Beyin şişlərində isə vəziyyət bir qədər fərqlidir. Xüsusilə səhər tezdən yaranan qusma və baş ağrısı bu xəstəliklə bağlı ciddi siqnaldır. Üz iflici, müvazinətin pozulması və sərsəmlik hiss olunması da vacib xəbərdarlıq əlamətləridir. Hətta uşağın xəttinin pozulması və ya şıltaqlaşması da nəzərdən qaçırılmamalıdır.
“Neyroblastom” və “Uilms” şişində isə gözlə görünən ən bariz əlamət qarında meydana gələn şişkinlik və bərklikdir. Sümük şişlərində isə adətən yeniyetməlik dövründə tək bir bədən üzvünü əhatə edən, hər gün daha da artan və keçməyən ağrılar müşahidə olunur. Limfomada isə boyun nahiyəsində bərk, hərəkətsiz və ətrafında kiçik vəzilərlə birgə görünən şişkinliklərə diqqət yetirmək lazımdır.
Bəs bu əlamətləri müşahidə edən ailələr nə etməlidir? Professor Ali Ayçiçək bu məqamda həm tövsiyə verir, həm də balansı qorumağın vacibliyini xatırladır: "Erkən diaqnoz əlbəttə ki, çox vacibdir. Lakin burada balansı da nəzərə almaq lazımdır. Yəni uşağınızın halı əvvəlki kimi deyilsə, həkimə müraciət edin. Həkim ciddi bir problem tapmadıqda və zamanla düzəlmə olmadıqda dərhəl başqa həkimə qaçmaq düzgün deyil. Eyni həkimin qəbuluna təkrar gedin və lazım olarsa, əlavə müayinələr tələb edin. Bu yol sizi daha dəqiq diaqnoza aparacaq."
Uşaqlıq dövrü xərçəng xəstəlikləri erkən diaqnoz qoyulduqda böyük ölçüdə müalicə oluna bilir. Unutmayın ki, bu xəstəliklə mübarizədə ən güclü silah məlumatlı olmaqdır. Özünüzün, uşağınızın və sevdiklərinizin sağlamlığına qarşı diqqətli olun.























