Şimali Kipr Türk Respublikasının (ŞKTR) qurulmasının 43-cü ildönümü ilə bağlı "Anadolu" Agentliyinin (AA) müxbirinə açıqlamalar verən Şimali Kipr Türk Respublikasının (ŞKTR) xarici işlər naziri Tahsin Ərtoğruloğlu Kipr türk xalqının ən çətin şəraitdə belə yunan əsarətinə düşməmək üçün apardığı dastana bənzər varoluş mübarizəsinə diqqət çəkib. O, bu mübarizənin eyni zamanda bütün Türk dünyasının gələcəyi naminə aparıldığını söyləyib.
Kipr məsələsinin Türk millətinin milli davası olduğunu vurğulayan T.Ərtoğruloğlu ŞKTR-nin Şərqi Aralıq dənizində bütün Türk dünyasının haqqı, hüququ, maraqları və təhlükəsizliyi üçün var olmağa davam edəcəyini dilə gətirib.
Xarici işlər naziri Tahsin Ərtoğruloğlu Şərqi Aralıq dənizində güc nümayişi yarışına girən bir çox dövlətə qarşı aparılan mübarizənin növbəti illərdə daha yaxşı başa düşüləcəyini ifadə edərək, Türk dünyasının üzvü olan ŞKTR-yə daha çox önəm verilməli olduğuna diqqət çəkib.
Uzunmüddətli müqavimət nəticəsində 1983-cü il noyabrın 15-də ŞKTR-nin elan edildiyini xatırladan nazir kiprli türklərin Mustafa Kamal Atatürkdən nümunə götürərək apardıqları mübarizə ilə qurduqları dövlətin gələcəkdə də yaşayacağını vurğulayıb.
T.Ərtoğruloğlu deyib: "ŞKTR Türk millətinin şərəfi və nüfuzudur! Biz hər zaman demişik: Biz dövlətimizlə, ana vətənimizlə və Türk dünyası ilə hər zaman qürur duyan insanlarıq. 15 Noyabrı böyük coşqu ilə qeyd edəcəyik".
Nazir ŞKTR-nin elan edilməsinə gedən yolda apardıqları mübarizənin Türk milləti ilə yanaşı, bütün məzlumların mübarizəsi olduğunu vurğulayaraq bunları deyib:
"Türk millətini istər Anadoluda, istər Aralıq dənizində, istərsə də Egey dənizində söz sahibi olmaq mövqeyindən uzaqlaşdırmaq, zəif, diqqətə alınmayacaq bir xalq və dövlət vəziyyətinə salmaq, Sevr müqaviləsini yenidən həyata keçirmək üçün aparılan bir mübarizə var. Ona görə də deyirik ki, bizim apardığımız mübarizə təkcə bizim mübarizəmiz deyil. Bu mübarizəmiz Özbəkistana da, Qazaxıstana da, Qırğızıstana da, Türkmənistana da, uyğur türklərinə də aiddir. Bizim apardığımız bu mübarizə məzlum insanların mübarizəsinin rəmzidir!"
"Biz qalib gəlməyə məcburuq"
ŞKTR xarici işlər naziri Tahsin Ərtoğruloğlu ölkəsinin gələcəyi naminə ana vətən Türkiyə ilə birlikdə hərəkət etmək zərurətinə işarə edərək, istər Türk Dövlətləri Təşkilatı (TDT), istərsə də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvü olan bir çox dövlətin ŞKTR-yə məsafəli yanaşmasının arxasında imperiya maraqları güdən böyük dövlətlərin dayandığını söyləyib.
Hazırda ŞKTR-nin gələcəyi üçün göstərdikləri səylərin böyük bir mübarizənin yalnız kiçik bir hissəsi olduğunu vurğulayan T.Ərtoğruloğlu: "Bizə qarşı dünyada yeridilən siyasətlərə baxdıqda bizim uğurumuz gözardı ediləcək bir şey deyil. Hər şeyə rəğmən, biz qalib gəlməyə məcburuq", - deyə bildirib.
Kipr türk xalqının göstərdiyi müqavimətlə ölkəsini "Ellin adası" olmaqdan xilas etdiyinə diqqət çəkən nazir: "ŞKTR-nin qurulması Türk dünyasının mübarizəsinin zəfərlə taclanması deməkdir. Xalqımızın öz dövlətinin və respublikasının olması gələcəkdə Türk dünyası üçün daha böyük məna kəsb edəcək", - deyə qiymətləndirib.
Xarici işlər naziri T.Ərtoğruloğlu ŞKTR-nin gələcəyinin aydın olduğunu dilə gətirərək, Türk dünyasını ŞKTR ilə əlaqələrini inkişaf etdirməyə çağırıb.























