Rusiyanın "TASS" dövlət xəbər agentliyinin yaydığı məlumata görə, Rusiya heyəti Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə çatıb. Heyət Rusiya, Ukrayna və Amerika Birləşmiş Ştatlarının iştirakı ilə təşkil olunacaq üçtərəfli görüşlərdə iştirak edəcək.
Məlumatda bildirilir ki, Rusiya nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir. Ukrayna heyətinin başında isə ölkənin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rüstəm Umerov dayanır.
Kremlin mətbuat katibi Dmitri Peskov danışıqların əsasən təhlükəsizlik zəmanətlərinə fokuslanacağını bəyan edib. Müzakirələrin əvvəlcədən üçtərəfli formatda keçirilməsi razılaşdırıldığı üçün avropalı nümayəndələr burada iştirak etməyəcəklər.
D.Peskov məsələ ilə bağlı verdiyi açıqlamada deyib: "Əbu-Dabidə baş tutan görüş Rusiya ilə Ukrayna arasında ABŞ-nin vasitəçiliyi ilə aparılan üçtərəfli danışıqlardır. Avropalıların iştirakına gəldikdə isə, bilirsiniz ki, amerikalıların avropalılarla, ukraynalıların da avropalılarla öz ünsiyyət kanalları var. Görünür, onlar öz koordinasiya mexanizmlərini qururlar. Lakin bir daha təkrar edirəm: bu məsələ birbaşa Əbu-Dabidəki üçtərəfli danışıqlara aiddir".
Müsbət irəliləyiş
Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ nümayəndələri noyabrın 10-da (bu gün) başlayacaq üçtərəfli sülh danışıqlarının yeni mərhələsi üçün Əbu-Dabidə bir araya gəlib.
ABŞ Prezidenti Donald Tramp noyabrın 9-da verdiyi bəyanatda Ukraynadakı müharibəyə son qoymağı hədəfləyən görüşlərdə yaxşı irəliləyiş əldə olunduğunu bildirib. Məsələylə bağlı Ağ Evdə jurnalistlərə açıqlama verən D.Tramp deyib: "Yeri gəlmişkən, Ukrayna və Rusiya ilə Əbu-Dabidə çox yaxşı bir görüş keçiririk".






















