Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbul Konqres Mərkəzində bu il “Mərkəzsiz dünya: Qaydalar əhəmiyyətini itirəndə kim lider olur? mövzusunda keçirilən “TRT World Forum 2026” çərçivəsində "Beynəlxalq hüquq və humanitar böhranın kəsişməsində Qəzza" başlıqlı panel sessiyasından əvvəl çıxış edib.
İ.Kalın siyasətin əxlaq olmadan kor, əxlaqın isə ictimai və siyasi səlahiyyət olmadan zəif olduğunu vurğulayıb. O, hazırda yaşadığımız dünyanın bu reallıqların bəzilərini əks etdirdiyini dilə gətirib.
Qəzzanın fələstinlilərin hekayəsinin bir hissəsi olduğuna diqqət çəkən İ.Kalın Qəzza məsələsini bəzən daha əhatəli olan Fələstin məsələsindən ayırmağa meyil edildiyini bildirib. Lakin o, Qəzzanın Fələstinin, Fələstinin isə ədalət, ləyaqət və hərkəs üçün bərabərlik mübarizəsinin bir hissəsi olduğunu xüsusi vurğulayıb.
İ.Kalın bu mübarizənin yalnız "bir torpaq parçası" üçün olmadığını qeyd edib. O, eyni zamanda qlobal və ümumbəşəri dəyərlər habelə prinsiplər uğrunda aparıldığını vurğulayıb.
Çoxmərkəzli yeni dünya nizamı axtarışı
Dünya nizamının aydın bir hədəf və ya marşrut olmadan fərqli istiqamətlərə doğru irəlilədiyinə işarə edən İ.Kalın Qərb mərkəzli, Amerika və Avropa mərkəzli dünya nizamından sonra çoxmərkəzli dünya nizamı axtarışının olduğunu ifadə edib.
İ.Kalın heç kimin bu nizamın hansı formada olacağı barədə məlumatı olmadığını bildirərək deyib: "Alternativ nə olacaq? İnşa ediləcək bu yeni dünya nizamı üçün əxlaqi, hüquqi və insani prinsipləri kim təmin edəcək? Əlimizdə olan mənzərə kifayət qədər xaoslu, qeyri-müəyyən və proqnozlaşdırılamazdır. Qlobal idarəçilik isə hər zamankindən daha əlçatmaz vəziyyətdədir."
Üzərində nəsə inşa edilə biləcək sağlam bir bünövrənin — istər qurumlar, prinsiplər, ideyalar, istərsə də ictimai və siyasi layihələr olsun — olmadığına diqqət çəkən İ.Kalın fikirlərinə belə davam edib: "Siyasi nizamın çökməsinin və əxlaqi məsuliyyətin iflasının insan olmağın ən əsas dayağını yox etdiyi Fələstin şübhəsiz ki, bu gedişatın kulminasiya nöqtələrindən biridir. Əlbəttə, çökən şey yalnız qurumlar və ya beynəlxalq müqavilələr deyil. Çökən şey ümumbəşəri olduğuna inandığımız əxlaqi prinsiplər, əsaslar və qaydalardır. Qəzza bu hekayənin bir parçasıdır və Fələstinin hekayəsindən habelə yaddaşından ayrı düşünülə bilməz."
"Problem Fələstin deyil, problem işğaldır"
İbrahim Kalın "Fələstin problemi" terminologiyasını doğru hesab etmədiyini vurğulayaraq bildirib: "Problem Fələstin deyil, problem işğaldır. Lakin neyləyəsən ki, bu vəziyyət bir baxıma gündəlik dilimizin və terminologiyamızın ayrılmaz hissəsinə çevrilib. Hər zaman sanki problem fələstinlilərmiş kimi “Fələstin problemi” deyirik. Bu doğru deyil, problem işğaldır. İşğala son qoyulmadan Yaxın Şərqdə hər hansı həlli yolu, sülh və ədalət olmayacaq."
İ.Kalın Fələstin məsələsi ilə bağlı son illərdə qlobal oyanış və yeni şüur yüksəlişi müşahidə etdiklərinə işarə edib. O, Qətər və Misir ilə birlikdə vasitəçi sifətilə Türkiyənin Qəzzadakı soyqırımı və böhranı bitirmək üçün nələr etdiyini və prosesin gedişatını izah edib.
İ.Kalın iki dövlətli həlli yolu üçün mübarizələrindən heç vaxt əl çəkməyəcəklərini vurğulayaraq bu qiymətləndirməni edib: "Bölgəyə sülhün yalnız fələstinlilərin paytaxtı Şərqi Qüds olan, 1967-ci il sərhədləri əsasında öz dövlətlərinə qovuşacağı təqdirdə gələcəyinə inanırıq. Fələstinlilər üçün ədalət yalnız o zaman bərqərar olacaq və İsrail ilə real sülh yalnız o zaman mümkün olacaq."
Bunun İsraillilər də daxil olmaqla Yaxın Şərqdəki bütün insanların mənafeyinə uyğun olduğunu bildirən İ.Kalın təhlillərində bu amillərə diqqət yetirdiklərini vurğulayıb. O, Qəzza və Fələstin məsələlərinin, eləcə də bu bölgələrin davamlı işğalının başqa bir radikallaşma dalğasına səbəb olma ehtimalının olduğunu söyləyib.
İ.Kalın bu məsələdə narahat olduqlarını bildirərək deyib: "Çünki Fələstin torpaqlarında yaşanan ölümlər və zülmlər artdıqca tutulan mövqe də bir o qədər sərt və ya radikal hal alacaq. Bu, insanın təbiətidir."
"Fələstin mövzusunda yeni oyanış dövrü başladı"
Böyük bir ümidsizliyin, qaranlığın, çarəsizliyin və əzabın yaşandığı bir dövrdə təəccüblü bir hadisənin baş verdiyini və qaranlığın içində ümid işığının göründüyünü deyən İ.Kalın Fələstin məsələsinə dair yeni oyanış dövrünün başladığını ifadə edib. O, Qəzzadakı soyqırımın İsrailin "işğal, məcburi köçürmə və şeytanlaşdırma" siyasətlərinin sərhədlərini üzə çıxardığını bildirib.
İ.Kalın qlobal ictimaiyyətin səsini ucaltmağa başladığını və bunun öz-özünə inkişaf etdiyini vurğulayaraq deyib: "Heç kim bunu kiməsə məcbur etmədi. Avropada, Amerika Birləşmiş Ştatlarında və dünyanın digər bölgələrindəki kiçik icmalarda, ənənəvi olaraq Fələstin davası ilə əlaqələndirilməyən təbəqələrdə boy verdi və uzun fasilədən sonra Fələstin məsələsi qlobal auditoriyasını qazandı."
Qlobal miqyasda kollektiv vicdanın ortaya çıxmağa başladığını vurğulayan İ.Kalın bu vəziyyətin bütün siyasi müxtəlifliyi və ictimai strukturu əhatə etdiyini, mədəni və dini sərhədləri aşdığını söyləyib.
İ.Kalın bunun həyatın hər təbəqəsindən, hər cür insanı ehtiva etdiyini bildirib. O, bunun yalnız Fələstin məsələsi baxımından deyil, qlobal ədalət və sülh baxımından da tarixi bir məqam, bəlkə də paradiqmanın sınma nöqtəsi olduğunu qeyd edib.
"Fələstində sülh itirdiyimiz əxlaqi və siyasi nizamı yenidən qazanmaq deməkdir"
Qəzza və Fələstində işlərin yoluna qoyulmasının çökməkdə olan beynəlxalq nizamın parçalarını bir araya gətirməyin başlanğıc nöqtəsi olacağını deyən İ.Kalın deyib:
"Bəlkə də bu, qlobal nizam və onun özü ilə gətirdiyi əxlaqi nizama dair anlayışımız və əxlaqi məsuliyyətimiz baxımından qlobal bir transformasiyaya gətirib çıxaracaq. Beləliklə də, Fələstində sülh, ləyaqət və azadlıq mübarizəsi əslində parçalanmış bir dünyada itirdiyimiz əxlaqi və siyasi nizamı yenidən qazanmaq deməkdir."
İ.Kalın bunun hərkəs üçün bir ümid və ilham mənbəyi olmasının vacibliyinə diqqət çəkib. O, Fələstin torpaqlarında, oradan Yaxın Şərqin qalan hissəsində və regiondan da bütün dünyada ədalət vasitəsilə sülhü bərqərar etmək səylərini davam etdirməli olduqlarını bildirib.
Qarşıda çətinliklərin olduğunu və bunun asan olmayacağını qeyd edən İ.Kalın ABŞ və İsraildəki seçkilərdən sonra yaşanan siyasi dəyişikliklərlə siyasi mühitin necə formalaşacağını görəcəklərini ifadə edib.
İ.Kalın Fələstin məsələsində yeni siyasi tənzimləmə və yenidən qurulmanın ola biləcəyi istiqamətində bir qədər də ümidli olmaq meyilində olduqlarını sözlərinə əlavə edib.





















