Böyük Britaniya mətbuatında yer alan xəbərə görə, Böyük Britaniyalı səyyah Karl Buşbi 28 il davam edən təxminən 60 min kilometrlik qitələrarası yürüşün ardından 29 ölkədən keçərək Hall şəhərində anasının yaşadığı evə çatıb.
Çilinin Punta-Arenas şəhərində başlayıb Böyük Britaniyanın Hall şəhərində başa çatan yürüşü haqqında danışan K.Buşbi deyib: "Şəhərdə böyük bir izdihamla qarşılandım. Əminəm ki, heç kim evə belə qarşılanma ilə qayıtmayıb. Bu, möhtəşəmdir."
Uşaqlıqda yaşadığı evdə özünü gözləyən 75 yaşlı anası Ancela Buşbi ilə 10 ildən sonra ilk dəfə üz-üzə gələn səyyah belə deyib: "Çox az dəyişmisən. Gözlədiyin üçün təşəkkür edirəm."
Sonuncu dəfə 2014-cü ildə gördüyü 36 yaşlı oğlu ilə görüşən ana Buşbi 12 yaşlı nəvəsini də ilk dəfə görüb.
Özünü qarşılayan insanlara təşəkkür edən K.Buşbi belə deyib: "Bura gəlmək üçün bir dünya yol yerimişəm. Keçdiyim əksər ölkələrdəki yad insanlar bura gələ bilməyim üçün böyük nəzakət göstərdilər. Bunu təkbaşına etmədim. Böyük bir komanda idik. Dünya komandası."
Təxminən 40 min kilometrlik ən uzun piyada yürüş rekordunu da qıran K.Buşbi piyada dünya turu edən ilk insan kimi tarixə keçib.
Yola çıxanda 29, bu gün isə 57 yaşı olan K.Buşbi paraşütçü kimi xidmət etdiyi Böyük Britaniya ordusundan istefa vermişdi. O, 12 ilə başa çatdırmağı planlaşdırdığı qitələrarası evə qayıdış yürüşünü reallaşdırmaq üçün bu addımı atmışdı.
Heç bir nəqliyyat vasitəsindən istifadə etmədən, sadəcə piyada yürüşünü başa vurmağı planlaşdıran K.Buşbi 2006-cı ildə Berinq boğazını buzlaqların üzəri ilə yeriyərək və üzərək keçmişdi.
2025-ci ilin fevral ayında Artvindən Türkiyəyə daxil olan K.Buşbi sentyabrda yürüşünün Bolqarıstan mərhələsinə başlamaq üçün Edirnedən çıxış etmişdi.
Fransadan oktyabrın 5-də Böyük Britaniyaya keçən K.Buşbi noyabrın 1-də yola çıxmasının tam 28-ci ildönümündə Hall şəhərinin məşhur Hamber körpüsündən keçərək şəhərə daxil oldu.
Qeyd edək ki, K.Buşbi keçmişdə verdiyi müsahibələrindən birində yürüşün "çox darıxdırıcı" olduğunu bildirmişdi.





















