SİYASƏT
3 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan İstanbulda V.Zelenskini qəbul edib
Görüşdə ikitərəfli iqtisadi əlaqələr və Ukraynanın ərazi bütövlüyünə dəstək bir daha təsdiqlənib
Prezident R.T.Ərdoğan İstanbulda V.Zelenskini qəbul edib
Prezident R.T.Ərdoğan İstanbulda V.Zelenskini qəbul edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabahçe sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirib. Prezident R.T.Ərdoğan V.Zelenski ilə keçirilən görüşdən sonra birgə mətbuat konfransında çıxış edib.

Ukrayna Prezidenti V.Zelenskini Türkiyədə yenidən qəbul etməkdən böyük məmnunluq hissi keçirdiyini qeyd edən Prezident R.T.Ərdoğan deyib: "Ukraynada toqquşmalar sürətlə davam edərkən, müharibənin səbəb olduğu itkilər və dağıntılar təəssüf ki, hər keçən gün artır. Müharibədə həlak olanlara görə cənab V.Zelenskiyə və dost Ukrayna xalqına başsağlığımı bir daha çatdırıram".

Prezident R.T.Ərdoğan Ukrayna Prezidenti V.Zelenski ilə keçirilən görüşdə Ukraynada sülhün təmin edilməsinə yönəlmiş son dövrdə artan səyləri və Qara dənizdəki təhlükəsizlik vəziyyətini ətraflı şəkildə müzakirə etdiklərini bildirərək deyib:

"Müharibənin, xüsusilə Amerika Prezidenti cənab Donald Trampın da səyləri ilə, diplomatik yollarla başa çatdırılmasına yönəlmiş təşəbbüslərin yenidən sürətlənməsindən məmnunluq hissi keçiririk. Əslində, Ukrayna və Rusiya arasında ev sahibliyi etdiyimiz danışıqlar diplomatiya yolu ilə konkret nəticələr əldə edilə biləcəyini göstərmişdi. Bu gün gəldiyimiz mərhələdə də ədalətli sülhün uduzanı olmaz deyirik. Sülhə aparan yolu açmaq üçün əlimizdən gələn hər növ səyi göstərməyə hazır olduğumuzu vurğulamaq istəyirəm".

 

Qara dənizdəki gərginlik artmaqdadır

Görüşdə Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin edilməsinə dair fikir mübadiləsi apardıqlarını qeyd edən Prezident R.T.Ərdoğan deyib:

"Müharibənin başlanğıcından bəri Qara dənizdə təhlükəsizlik və sabitliyin qorunması üçün fəal səy göstəririk. Lakin son dövrdə baş verən gərginliyə paralel olaraq, toqquşmaların Qara dənizə də keçdiyinin şahidi oluruq. Mülki gəmilərə qarşı hücumların və Qara dənizdə gərginliyi artıracaq addımların heç kimə fayda verməyəcəyi aydındır. Bu hücumları, kimdən gəlirsə gəlsin və əsası ne olursa olsun, heç bir şəkildə qəbul etməyimiz mümkün deyildir. Bu məsələdə bütün tərəfləri məsuliyyətli olmağa dəvət edirik. Qara dənizdə gəmiçilik təhlükəsizliyini yenidən bərpa etmək məqsədilə tərəflərlə danışıqlarımızı davam etdirəcəyik".

 

Ticarət dövriyyəsi hədəfi

Sülh razılığın əldə olunmasının Ukraynada daimi sülhün bərqərar olması yönündəki səylərə də təkan verəcəyinə inandığını bildirən Prezident R.T.Ərdoğan bu məsələni Rusiya ilə də müzakirə edərək xüsusilə prosesi irəlilətməyi hədəflədiklərini deyib.

"Bu gün, həmçinin, strateji tərəfdaşımız Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə olan sadiqliyimizi bir daha təsdiqlədik. Ölkələrimiz arasında 2022-ci ildə imzalanan Sərbəst Ticarət Sazişinin 1 oktyabr tarixindən etibarən qüvvəyə minməsi ikitərəfli iqtisadi və ticarət əlaqələrimiz baxımından mühüm bir addım olmuşdur. Bu saziş bizi 10 milyard dollarlıq ticarət dövriyyəsi hədəfimizə bir addım da yaxınlaşdırmışdır. Çətin müharibə şəraitinə baxmayaraq, Ukraynanı tərk etməyən şirkətlərimizin Ukraynanın yenidən qurulmasına da inşallah mühüm töhfələr verəcəyinə inanıram. Dəyərli dostum cənab V.Zelenskiyə bu səfərə görə təşəkkür edir, sözü özünə verirəm".

Qeyd edək ki, görüşdə Milli Müdafiə naziri Yaşar Güler, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanettin Duran, Prezident Aparatının Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün, Prezidentin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, Prezidentin baş müşaviri Zafer Çubukçu, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini və partiya sözçüsü Ömer Çelik, eləcə də Türkiyənin Ukraynadaki səfiri Fatma Ceren Yazgan iştirak ediblər.

MƏNBƏ:TRT