DÜNYA
2 dəqiqə oxuma
ABŞ İsrailə 10 hərbi yük təyyarəsi göndərib
Təyyarələrin Ovda və Nevatim hava bazalarına endiyi bildirilib
ABŞ İsrailə 10 hərbi yük təyyarəsi göndərib
ABŞ İsrailə 10 hərbi yük təyyarəsi göndərib

İsrailin KAN dövlət teleradio şirkətinin xəbərinə görə, ABŞ İrana qarşı mümkün hərbi zərbə hazırlıqları çərçivəsində cənubdakı Nəqəb (Negeb) bölgəsində yerləşən İsrail hərbi hava bazalarına 10 hərbi yük təyyarəsi göndərib.

Oktyabrın 29-da verilən açıqlamada təyyarələrin Ovda və Nevatim hava bazalarına endiyi, həmçinin bəzi ABŞ hərbi təyyarələrinin də İordaniya, Səudiyyə Ərəbistanı və Qətərdəki bazalara göndərildiyi bildirilib.

KAN dövlət teleradio şirkətinin xəbərinə görə, təyyarələr ABŞ ordusunun ən böyük hava hücumundan müdafiə mərkəzlərindən birinə ev sahibliyi edən Texasdakı Fort Blissdən havalanıb.

ABŞ tərəfindən mövzu ilə bağlı hələlik heç bir rəsmi təsdiq verilməyib. Təyyarələrin nə daşıdığı yaxud Vaşinqtonun İrana hücum etmək qərarı alıb-almadığı isə qeyri-müəyyənliyini qoruyur.

İsrailli bir rəsmi yayım qurumuna verdiyi açıqlamada İsrail və ABŞ-nin hərbi hazırlıqlar mövzusunda sıx koordinasiya daxilində olduğunu bildirib. Rəsmi deyib: "İsrail və ABŞ sıx bir koordinasiya aparır. Hələ bir qərar qəbul edilməmiş olsa da, həm amerikalılar, həm də İsrail ABŞ Prezidenti Donald Trampın verə biləcəyi hər cür qərara qarşı hazırlıq görür".

Məhdud əməliyyat

KAN dövlət teleradio şirkəti həftənin əvvəlində Vaşinqtonun Körfəz ölkələrini İrana qarşı qısamüddətli və məhdud hücumlar təşkil edilə biləcəyi ehtimalına qarşı xəbərdar etdiyini bəyan etmişdi.

Xəbərə görə, Körfəz bölgəsindəki hava hücumundan müdafiəni gücləndirmək məqsədilə Texasdan bir “Patriot” raket müdafiə sistemi də bölgəyə nəql edilib. Bundan əlavə, gərginliyin dərinləşmə ehtimalına qarşı bölgədəki ABŞ bazalarında olan heyətə olduqları yerləri tərk etmələri barədə göstəriş verildiyi bildirilib.

Noyabr ayında bölgəyə daha bir aviadaşıyıcı gəmi (təyyarə gəmisi) ilə bir Dəniz Piyada birliyinin də çatması gözlənilir. Yaxın Şərqdə hazırda təxminən 20 ABŞ hərbi gəmisi keşik çəkir.

Mümkün hücumlar

Digər tərəfdən, "The Wall Street Journal" qəzetinin oktyabrın 29-da yaydığı xəbərdə ABŞ Mərkəzi Komandanlığından general Bred Kuperin (Brad Cooper) Trampa İrana yönəlmiş mümkün hücum variantları barədə brifinq verdiyi yazılıb.

Demokrat senator Kris Mörfi (Chris Murphy) isə özünün və digər bəzi senatorların İrana yönəlmiş mümkün hücum planları barədə məlumatlandırıldıqlarını bildirərək, bu planları "dəlilik" kimi xarakterizə edib. Mörfi belə bir addımın dağıdıcı gərginliyə yol açacağı barədə xəbərdarlıq edib.

ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başlamış, aprel ayında isə atəşkəs təmin edilmişdi. ABŞ ilə İran arasında Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinə dair iyun ayında əldə olunan razılaşma su yolunun təhlükəsizliyi ilə bağlı fikir ayrılıqları səbəbindən dayanmışdı.