Türkiyənin ev sahibliyi ilə 9–20 noyabr tarixlərində Antalyada Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) keçiriləcək. Sammitdən əvvəl iqlim böhranının müxtəlif coğrafiyalardakı təsirlərindən bəhs edən 20 sənədli film İstanbulda kino həvəskarlarına təqdim olunacaq.
"Anadolu" Agentliyinin (AA) Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyindən əldə etdiyi məlumata görə, tədbir COP31 və "COP ART" çərçivəsində təşkil edilir. "COP31 Sənədli Film Günləri" 27–28 oktyabr və 31 oktyabr – 1 noyabr tarixlərində İstanbuldakı "Atlas 1948" kinoteatrında baş tutacaq.
Proqrama "Sundance", Kann, Berlin və Amsterdam Beynəlxalq Sənədli Film Festivalları (IDFA) kimi nüfuzlu tədbirlərdə nümayiş olunan və mükafat qazanan ekran əsərləri daxil edilib. Ümumilikdə 9 tammetrajlı və 11 qısametrajlı olmaqla 20 sənədli film izləyicilərə təqdim olunacaq.
Bütün nümayişlərin ödənişsiz olacağı tədbirdə geniş bir coğrafiyanı əhatə edən hekayələr yer alacaq. Tamaşaçılar Amazon meşələrindən Sibirin donmuş torpaqlarına, Fələstinin zeytun bağlarından Monqolustanın yaylaqlarına, Keniyanın quraq bölgələrindən Türkiyədəki Salda gölünə qədər uzanan fərqli mövzuları izləyə biləcəklər.
Sənədli filmlərdə iqlim dəyişikliyinin təbiətə və insan həyatına təsirləri diqqət mərkəzində olacaq. Bununla yanaşı, bioloji müxtəlifliyin qorunması, ərzaq və su təhlükəsizliyi, yerli xalqların hüquqları, ekoloji bərpa və iqlim siyasəti kimi vacib məsələlər də təhlil ediləcək.
"AA Productions" imzalı Salda sənədli filmi də nümayiş olunacaq
Proqramda "Anadolu" Agentliyi tərəfindən hazırlanan və Atakan Kerküklünün rejissoru olduğu "Salda: Qırmızı planetə açılan körpü" sənədli filmi də yer alacaq.
Türkiyə və ABŞ-dən olan alimlərin töhfələri ilə ərsəyə gələn bu ekran əsərində Burdurdakı Salda gölünün geoloji xüsusiyyətləri ilə Mars araşdırmaları arasındakı əlaqədən bəhs edilir.
Qeyd edək ki, bu sənədli film Salda gölünün elmi tədqiqatlar baxımından daşıdığı mühüm əhəmiyyətindən bəhs edir. Eyni zamanda, təbii ərazilərin qorunmasının vacibliyinə də diqqət çəkir.






















