DÜNYA
1 dəqiqə oxuma
İsrail "etnik təmizləmə" siyasətini Əl-Xəlil şəhərində genişləndirir
Hüquq müdafiə təşkilatları beynəlxalq ictimaiyyəti təcili müdaxilə etməyə çağırıb
İsrail "etnik təmizləmə" siyasətini Əl-Xəlil şəhərində genişləndirir
İsrail "etnik təmizləmə" siyasətini Əl-Xəlil şəhərində genişləndirir / AA

İsrailin "BTselem" hüquq müdafiə təşkilatı Tel-Əvivin "etnik təmizləmə" siyasətini işğal altındakı İordan çayının qərb sahilinin Əl-Xəlil şəhərinə genişləndirdiyi barədə xəbər yayıb. Təşkilat fələstinlilərin kütləvi şəkildə didərgin salınması və evlərinin sökülməsi planlarının icrasına başlanıldığını bildirib.

Qurum məsələylə bağlı xarici ölkələrə və beynəlxalq təşkilatlara müraciət edib. Müraciətdə fələstinli mülki şəxslərin məcburi köçürülməsini, kollektiv cəzalandırma tədbirlərini və qanunsuz kütləvi söküntüləri dayandırmaq üçün beynəlxalq hüquq çərçivəsində mövcud olan bütün mexanizmlərdən istifadə olunması tələb edilib.

"BTselem"in bəyanatında deyilir: "İsrail rəhbərləri niyyətlərini açıq şəkildə bəyan edirlər və ərazidəki əməllərinə artıq başlayıblar."

Bu xəbərdarlıq oktyabrın 23-də Əl-Xəlil yaxınlığında baş verən atışmadan sonra edilib. Həmin insident zamanı iki İsrail əsgəri və iki fələstinli həlak olub, üç İsrail əsgəri isə yaralanıb.

Hücumdan sonra Baş nazir Benyamin Netanyahu və Müdafiə naziri İsrael Kats ərazi sakinlərinin məcburi köçürülməsini və genişmiqyaslı söküntülərin həyata keçirilməsini nəzərdə tutan tədbirləri elan ediblər.

B.Netanyahu iştirak etdiyi bir konfransda: "Qaçqın düşərgələrində tətbiq etdiyimiz uğurlu modeli şəhərlərdə də tətbiq edəcəyik", — deyə bildirib.

"BTselem" xatırladıb ki, sözügedən model işğal altındaki İordan çayının qərb sahilinin şimalında 33 mindən çox fələstinlinin ev-eşiyindən didərgin düşməsinə səbəb olub.

MƏNBƏ:TRT