Bu gün Türkiyə Cümhuriyyətinin elan olunmasından 103 il ötür.
Anadolunun işğaldan azad edilməsindən sonra Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlayan müstəqillik mübarizəsi 29 oktyabr 1923-cü ildə Cümhuriyyətin elan edilməsi ilə nəticələndi.
Cümhuriyyətə gedən yol Mustafa Kamal Atatürkün 19 may 1919-cu ildə Samsuna gəlişi ilə başladı. Ərzurum Konqresi zamanı Atatürk gələcək idarəetmə formasının Cümhuriyyət olacağını yaxın silahdaşlarına bildirsə də, dövrün şəraitinə görə bu ideyanı bir müddət açıq bəyan etmədi. 23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışı ilə milli suverenliyə əsaslanan yeni hökumətin təməli qoyuldu.
24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə Türkiyənin müstəqilliyi beynəlxalq səviyyədə tanındı, 13 oktyabrda isə Ankara yeni dövlətin paytaxtı elan edildi. Lakin dövlətin idarəetmə formasını müəyyənləşdirmək və dövlət başçısını seçmək ehtiyacı hələ də qalırdı. 27 oktyabr 1923-cü ildə Nazirlər Şurasının istefası ilə yaranan siyasi böhran bu dəyişikliyi sürətləndirdi.
28 oktyabr 1923-cü il gecəsi Çankaya Köşkündə təşkil edilən şam yeməyində Mustafa Kamal Paşa İsmət Paşa, Kazım Paşa, Fəthi bəy, Kəmaləttin Sami Paşa, Halit Paşa, Fuat bəy və Ruşen Əşrəf bəy kimi silahdaşlarını toplayaraq tarixi qərarını açıqladı. Həmin gecə hazırlanan konstitusiya dəyişikliyi təklifi ertəsi gün Məclisə təqdim olundu.
29 oktyabr 1923-cü il saat 18:00-da toplanan Məclisdə aparılan müzakirələrdən sonra 1921-ci il Konstitusiyasına dəyişiklik edildi. Saat 20:30-da iclasda iştirak edən 158 deputatın yekdil səsi ilə "Türkiyə Dövlətinin idarəetmə forması Cümhuriyyətdir" müddəası qəbul olundu. Qərar Məclisdə "Yaşasın Cümhuriyyət!" şüarları ilə qarşılandı.
Cümhuriyyətin elanından sonra keçirilən gizli səsvermədə Qazi Mustafa Kamal Paşa 158 deputatın tamamının səsini alaraq Türkiyə Respublikasının ilk Prezidenti seçildi. Atatürk Məclis qarşısındakı tarixi çıxışını "Türkiyə Cümhuriyyəti bəxtiyar, müvəffəq və müzəffər olacaqdır" sözləri ilə tamamladı.
Daha sonra İsmət Paşaya ilk hökuməti qurmaq tapşırıldı, Fəthi bəy isə TBMM-in sədri seçildi. Cümhuriyyətin elanı 101 top atəşi ilə qeyd edildi, 19 aprel 1925-ci ildə qəbul olunan qanunla isə 29 Oktyabr rəsmi olaraq "Milli Bayram" elan olundu.






















