DÜNYA
2 dəqiqə oxuma
Minlərlə israilli B.Netanyahu hökumətinin istefası tələbilə Təl-Əvivdə nümayiş keçirib
Öndə gələn müxalifət liderləri Parlament seçkilərinə sayılı günlər qalmış hökumət əleyhinə nümayişdə iştirak ediblər
Minlərlə israilli B.Netanyahu hökumətinin istefası tələbilə Təl-Əvivdə nümayiş keçirib
Minlərlə israilli B.Netanyahu hökumətinin istefası tələbilə Təl-Əvivdə nümayiş keçirib / َAA

İsraildə minlərlə şəxs Parlament (Knesset) seçkilərinə az bir vaxt qalmış Təl-Əvivdə aksiya keçirib. Toplananlar Baş nazir Benyamin Netanyahu hökumətinin istefasını və törətdiyi əməllərə görə məsuliyyət daşımasını tələb ediblər.

Oktyabrın 24-də "Girovlar meydanı"na toplaşan minlərlə nümayişçi "7 Oktyabr Şurası" tərəfindən təşkil edilən mitinqə qatılıb. Aksiyada ailələr, Qəzzada girov saxlanılmış israillilər və onların yaxınları da yer alıblar.

Oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində B.Netanyahu rəhbərliyindəki iqtidar koalisiyası ilə mübarizə kəskinləşib. Məhz belə bir məqamda təşkil olunan aksiyaya öndə gələn müxalifət liderləri Qadi Eyzenkot, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan  da qoşulublar.

"Üçillik mübarizədən sonra yenidənqurma prosesinə başlayırıq" şüarı ilə bir araya gələn nümayişçilər 7 oktyabr 2023-cü ildə yaşanan hadisələrlə bağlı cavabdeh olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb ediblər.

Yair Qolan çıxışında deyib: "Növbəti həftənin çərşənbə günündən etibarən həqiqətləri üzə çıxaracaq və ailələr üçün ədaləti təmin edəcək Dövlət İstintaq Komissiyasının yaradılması istiqamətində çalışacağıq. Bu, bizim borcumuz və missiyamızdır.”

 

Seçki qabağı küçədən verilən mesaj

Müxalifət liderlərinin iştirakına baxmayaraq, "7 Oktyabr Şurası" aksiyanın ailələr tərəfindən təşkil edilən mülki bir tədbir olduğunu vurğulayıb. Şura mitinqin hər hansı siyasi partiyanı və ya seçki siyahısını dəstəkləmək məqsədi daşımadığını bildirib.

Qeyd edək ki, "7 Oktyabr Şurası" 7 oktyabrda baş verən hadisələrin araşdırılması üçün müstəqil Dövlət İstintaq Komissiyasının yaradılmasını müdafiə edən mülki təşkilat kimi fəaliyyət göstərir.

Benyamin Netanyahu isə müstəqil istintaq komissiyasının yaradılması ilə bağlı tələbləri rədd edir.

İsrailin "Channel 12" televiziya kanalının məlumatına görə, B.Netanyahunun rəhbərlik etdiyi "Likud" Partiyası oktyabrın 22-də Mərkəzi Seçki Komissiyasına müraciət edərək böyük televiziya kanallarının mitinqi yayımlamasına qadağa qoyulmasını tələb edib.

Partiya mitinqin "seçki təbliğatı" xarakteri daşıdığını iddia edib.

Komissiya sədri, hakim Noam Solberq isə müraciəti rədd edib. O, tələbi əsaslandıracaq kifayət qədər konkret sübutun olmadığını bildirib.

O cümlədən, "7 Oktyabr Şurası" oktyabrın 24-də İsrail Polis Komissarı Danni Leviyə məktub ünvanlayaraq aksiyanın qarşısını almağa yönəlmiş cəhdlərlə bağlı təhlükəsizlik tədbirlərini gücləndirməyi tələb edib.

MƏNBƏ:TRT