Prezident Rəcəb Tayyib Ərdoğan Cümhuriyyətin 103-cü ildönümü münasibətilə paylaşım edib:
"Bu gün Cümhuriyyətimizin qurulmasının 103-cü ildönümünü böyük qürur və coşğu ilə qeyd edirik. Xalqımızı, Şimali Kiprdəki türk qardaşlarımızı və dünyanın müxtəlif ölkələrində yaşayan bütün həmvətənlərimizi 29 Oktyabr Cümhuriyyət Günü münasibətilə təbrik edirəm.
Xaricdəki diplomatik nümayəndəliklərimizdə sevincimizi və həyəcanımızı bölüşən hörmətli qonaqlara ən səmimi təşəkkürümü bildirirəm. Eyni zamanda, ortaq mədəniyyət və könül coğrafiyamızın müxtəlif guşələrində ürəyi millətimizlə döyünən, sevincimizə və kədərimizə şərik olan, eyni taleyi paylaşıb eyni ruhu daşıyan bütün dost və qardaşlarımızı sevgi ilə salamlayıram.
Tarixi şanlı qələbələr və mübarizələrlə dolu olan Cümhuriyyətimiz türk millətinin azad yaşamaq və öz gələcəyini müəyyən etmək əzminin ən güclü simvoludur. Qazi Mustafa Kamalın rəhbərliyi ilə apardığımız Milli Mübarizə birliyi pozulmaz bir millətin ən çətin şəraitdə belə nələrə qadir olduğunu bütün dünyaya göstərdi.
Düz 103 il əvvəl bir millət olaraq nümayiş etdirdiyimiz qətiyyət və cəsarət bu gün də bizim üçün ən böyük ilham mənbəyidir. Son 24 ildə müdafiə sənayesi, enerji, nəqliyyat və diplomatiya sahələrində qazandığımız uğurlar daha güclü və firavan Türkiyəyə doğru atılan mühüm addımlardır. Öz texnologiyasını inkişaf etdirən, müdafiə imkanlarını artıran, enerji təhlükəsizliyini möhkəmləndirən, nəqliyyat infrastrukturunu müasirləşdirən və istehsal gücünü müntəzəm artıran ölkəmiz daha güclü gələcəyə doğru inamla addımlayır".























