İsrail müxalifətinin liderlərindən biri olan Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu və onun "Likud" partiyasını ağır şəkildə ittiham edib. O, iqtidarın "demokratiyaya qarşı qətliam" törətməyə cəhd göstərdiyini bildirib. Q.Ayzenkotun bu sərt reaksiyasına İsrail Baş prokurorunun bəyanatı səbəb olub. Belə ki, Baş prokuror ərəb partiyalarının adı hallanan şübhəli seçki saxtakarlıqları ilə bağlı aparılan araşdırmaya dair ciddi şübhələrini ifadə edib.
Q.Ayzenkot noyabrın 3-də "X" sosial şəbəkə hesabında paylaşdığı bəyanatda deyib: “İsrail Müdafiə Nazirliyində, hüquq-mühafizə orqanlarında və dövlət qulluğunda çalışanlar kralın deyil, dövlətin xidmətçiləridir. Səlahiyyətlərindən və vəzifələrindən siyasi maraqları naminə sui-istifadə edənlərin vay halına! "Likud" və Netanyahu düşdükləri çətin vəziyyətin təsiri ilə demokratiyaya və qanunun aliliyinə qarşı adətən kütləvi qətliam törətməyə çalışırlar. Onlar hamımızı təhlükəli bir konstitusiya böhranına sürükləməyə cəhd edirlər".
Q.Ayzenkot Baş nazir B.Netanyahu və "Likud" partiyasının hakimiyyətdə qalmağa "layiq olmadıqlarını və yetərsiz olduqlarını" qeyd edib. O, İsrail əhalisinin əksəriyyətinin onların hakimiyyətdə qalmasının əleyhinə səs verdiyini xüsusi vurğulayıb.
"Həm siyasi, həm də təhlükəsizlik baxımından olduqca çətin keçən bu dövrdə onlar seçki nəticələrinə olan ictimai etimadı sarsıtmağa çalışırlar", - deyə Q.Ayzenkot əlavə edib.
Q.Ayzenkot İsrail xalqını qətiyyətli duruş nümayiş etdirməyə çağırıb. O, mövcud vəziyyəti İsrailin gələcəyi baxımından bir "sınaq məqamı" kimi qiymətləndirib.
Qeyd edək ki, seçkilərin nəticələrinə əsasən, B.Netanyahunun bloku 120 yerlik Knessetdə 53 mandat əldə edib. Müxalifət partiyaları 48, ərəb partiyaları isə 19 mandat qazanıb.
Müxalifət təkbaşına parlamentdə əksəriyyəti təmin etmək üçün tələb olunan 61 mandata çata bilməyib. Bu vəziyyət hökumətin qurulması səylərində ərəb deputatların dəstəyini həlledici amilə çevirir.



















