SİYASƏT
2 dəqiqə oxuma
ABŞ Türkiyənin Qara dənizdə taxıl daşınması ilə bağlı təklifini qiymətləndirir
M.Rubio Türkiyə və Hindistanın müharibə səbəbindən dayanan taxıl daşınmasının bərpası üçün təkliflər irəli sürdüyünü deyib
ABŞ Türkiyənin Qara dənizdə taxıl daşınması ilə bağlı təklifini qiymətləndirir
ABŞ Türkiyənin Qara dənizdə taxıl daşınması ilə bağlı təklifini qiymətləndirir

Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Marko Rubio Vaşinqtonun Qara dəniz vasitəsilə taxıl daşınmasını asanlaşdırmaq məqsədilə Türkiyənin təqdim etdiyi təklif də daxil olmaqla, müxtəlif variantları nəzərdən keçirdiyini açıqlayıb. O, bu barədə oktyabrın 31-də Atlantada keçirilən "G20" ölkələrinin xarici işlər nazirlərinin iclasından sonra təşkil olunan mətbuat konfransında çıxış edərkən bildirib.

Dövlət katibi M.Rubio Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətindəki səylərin sürətləndirilməsinin vacibliyini vurğulayıb. M.Rubio Türkiyə və Hindistanın müharibə səbəbindən dayanan taxıl daşınmasının bərpası üçün təkliflər irəli sürdüyünü deyib.

"Bu məsələ ilə bağlı Türkiyədən bizə daxil olan təklifləri qiymətləndiririk. Həmin təklifləri təhlil etməyə davam edəcəyik", – deyə M.Rubio bildirib. O, rəsmi Vaşinqtonun belə bir mexanizmin həyata keçirilməsini asanlaşdıracaq təşəbbüsləri məmnunluqla qarşılayacağını qeyd edib.

Lakin M.Rubio bu cür təşəbbüslərin müharibəni tam şəkildə həll etməyəcəyi barədə xəbərdarlıq edib.

"Bu addım müharibəni sona çatdırmır. Lakin ən azı müharibənin yaraddığı müəyyən bir problemi aradan qaldırır", – deyə Rubio əlavə edib. O, Qara dəniz ticarətindəki axsamaların xüsusilə həssas ölkələrdə qlobal ərzaq təhlükəsizliyinə mənfi təsir göstərdiyinə diqqət çəkib.

Rubio razılaşmanın əldə olunmasına dair beynəlxalq marağın yenidən artdığını bildirib. O, bəzi ölkələrin zəmanətçi və ya vasitəçi rolunu öz üzərinə götürməyi nəzərdən keçirdiyini qeyd edib.

 

Rusiya ilə əlaqələrin qorunması

Rusiya-Ukrayna müharibəsinə dair qiymətləndirmələr aparan M.Rubio danışıqlar yolu ilə həll üçün hər iki tərəflə təmasların vacibliyini vurğulayıb. M.Rubio rəsmi Moskva ilə diplomatik kanalların açıq saxlanılmasının tərəfdarı olduğunu bildirib.

"Həm Rusiya, həm də Ukrayna ilə danışıqlar aparmaq imkanınız yoxdursa, iki ölkə arasında tərəflərin razılığı ilə necə razılaşma əldə edə bilərsiniz? Digər bütün məsələləri bir kənara qoysaq, gələcəkdə gərginliyin artması təhlükəsinə görə ABŞ ilə Rusiya arasında müəyyən səviyyədə əlaqələrin saxlanılması hər zaman böyük əhəmiyyət kəsb edir", – deyə M.Rubio bildirib.

Rəsmi Vaşinqtonun müharibəni diplomatik yollarla yekunlaşdırmaq səylərini davam etdirməkdə qərarlı olduğunu deyən M.Rubio yaxın vaxtlarda hər hansı irəliləyişin gözlənilmədiyini bildirib.

MƏNBƏ:TRT