Səudiyyə Ərəbistanında təşkil olunacaq 2027-ci il AFC Asiya Kuboku ev sahibi ölkəyə edilən hücumlar səbəbindən təxirə salınıb.
Bu barədə Asiya Futbol Konfederasiyası (AFC) tərəfindən məlumat verilib. Açıqlamada deyilir: “Asiyanın ən mühüm futbol turniri olan və 2027-ci il yanvarın 7-dən fevralın 5-dək keçirilməsi nəzərdə tutulan yarışın 2027-ci il dekabrın 23-dən 2028-ci il yanvarın 21-dək təşkil olunması planlaşdırılır”.
Açıqlamada həmçinin qeyd olunub ki, Asiya Kuboku Təşkilat Komitəsi regiondakı hadisələrdən qaynaqlanan fövqəladə şəraiti, vacib logistik çətinlikləri və səyahətdəki axsamaları nəzərə alıb. Komitə milli komandalar üçün keçirilən bu mühüm turnirin vaxtının dəyişdirilməsini təsdiqləyib. Turnirin yeni tarixləri təsdiq olunması üçün FİFA-ya təqdim ediləcək.
Xatırladaq ki, Yəməndəki husilər bir müddətdir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad da daxil olmaqla bir çox bölgəyə balistik raketlər və PUA-larla hücumlar təşkil edirlər.





















