BMT Baş katibi qlobal istiləşməni məhdudlaşdırmaq üçün qazıntı yanacaqlardan imtina səylərini sürətləndirmək, iqlim maliyyələşdirilməsini artırmaq və həssas ölkələri daha güclü şəkildə qorumaqla bağlı çağırış edib.
BMT Baş katibi Antonio Quterreş ortaq məsuliyyətə əsaslanan yeni "İqlim Ədaləti Sazişi" çağırışı edərək, COP31-də ölkələri qazıntı yanacaqlardan imtinanı sürətləndirməyə və böyükhəcmli iqlim maliyyələşdirilməsini səfərbər etməyə çağırıb.
Quterreş Türkiyədəki BMT İqlim Konfransının Liderlər Sammitindəki çıxışında "Ortaq məsuliyyət, ortaq təhlükəsizlik və ortaq mənfəətlərə əsaslanan yeni İqlim Ədaləti Sazişinə ehtiyacımız var", -deyərək, bütün ölkələrin ümumi, lakin fərqli məsuliyyətlər prinsipinə uyğun olaraq öhdəliklərini yerinə yetirməli olduqlarını vurğulayıb.
Təklif olunan çərçivə dörd əsas sütun üzərində qurulub. Belə ki, qazıntı yanacaqlardan yaşıl enerjiyə keçidi ədalətli şəkildə sürətləndirmək, həssas əhalini qorumaq, kifayət qədər maliyyələşdirməni təmin etmək və geosiyasi ayrılıqlar əvəzinə əməkdaşlığa üstünlük vermək.
“2035-ci ilə qədər qlobal miqyasda bərpaolunan enerji tutumu 2025-ci il səviyyəsi ilə müqayisədə ən azı üç dəfə artmalı və tullantılar çıxılmaqla, kömür enerjisinin payı 75 faiz azaldılmalıdır”, - deyə Antonio Quterreş əlavə edib.
Ən böyük doqquz şirkətin əvvəlki rübdə 95 milyard dollar qazandığını qeyd edən Quterreş bu gəlirin həssas ölkələri dəstəkləmək üçün istifadə edilməli olduğunu vurğulayıb.
BMT Baş katibi iqlim fəlakətlərinin dünya miqyasında "həyatlara, dolanışıq vasitələrinə və iqtisadiyyatlara zərbə vurduğunu" bildirərək, mövcud gedişatı "qarşılıqlı zəmanət verilmiş məhvə aparan yol" kimi qiymətləndirib.
Quterreş deyib: "Ya bu ədalətli keçidi planlaşdırın, ya da bunun qarşılığını xaotik vəziyyət və itirilmiş dolanışıq vasitələri ilə ödəyin".
Qeyd edək ki, Türkiyə ölkənin cənubunda yerləşən turizm şəhəri Antalyada BMT-nin İqlim Dəyişmələri Konfransı COP31-ə ev sahibliyi edir.






















