İstanbul Konqres Mərkəzində keçirilən "TRT World Forum 2026"da "Əlaqələrin yeni geosiyasəti: Dəniz marşrutları, çətinliklər və dəhlizlər" paneli təşkil olunub.
"TRT World" aparıcısı Adnan Navazın moderatorluğu ilə keçirilən paneldə Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslam Araşdırmaları Mərkəzinin sədri Şahzadə Turki əl-Faysal, Texas A&M Universitetinin müəllimi professor Jan-Pol Rodriq, Birləşmiş Millətlər Təşkilatının Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (ESCWA) İqlim Dəyişikliyi və Təbii Ehtiyatların Davamlılığı Qrupunun Enerji Bölməsinin rəhbəri Radia Sedavi, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) TIR və Tranzit Xidmətləri direktoru Tatiana Rey-Bellet və Türkiyə Respublikası Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü professor Kılıç Buğra Kanat məruzəçi kimi iştirak ediblər.
Kral Faysal Araşdırma və İslam Araşdırmaları Mərkəzinin sədri Şahzadə Faysal buradakı çıxışında Yaxın Şərqdə davam edən münaqişələrin regional sabitlik baxımından ciddi problemlər yaratdığını bildirib.
Yəmən, Livan, Suriya və İraqdakı proseslərə diqqət çəkən Faysal regionun qarşılaşdığı problemlərin həllində diplomatik səylərin vacibliyini vurğulayıb.
Hərbi müdaxilələrin daimi sülhün bərqərar olunmasında uğurlu ola bilmədiyini qeyd edən Faysal münaqişələrin dayandırılması üçün dialoq və diplomatiyaya üstünlük verilməsinin vacibliyini bildirib.
Faysal Türkiyənin və Məkkə Müdafiə Sazişinə tərəf olan ölkələrin də regional problemlərin diplomatik yollarla həlli üçün səy göstərdiklərini diqqətə çatdırıb.
Enerji xərcləri və tədarük zəncirindəki risklər
Birləşmiş Millətlər Təşkilatının Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (ESCWA) İqlim Dəyişikliyi və Təbii Ehtiyatların Davamlılığı Qrupunun Enerji Bölməsinin rəhbəri Radia Sedavi enerji xərclərindəki artımın tədarük zəncirlərinə və inflyasiyaya təsirlərindən danışıb.
Xüsusilə Yaponiya və Cənubi Koreyanın yüksək enerji xərclərindən əziyyət çəkdiyini bildirən Sedavi bu vəziyyətin həmin ölkələrin emal sənayesi və iqtisadiyyatına təzyiq göstərdiyini ifadə edib.
Çinin isə 2008-ci ildən bəri enerji təchizatını şaxələndirmək istiqamətində addımlar atdığını qeyd edən Sedavi Rusiya, Latın Amerikası və Afrika ilə inkişaf etdirilən tədarük əlaqələrinə diqqət çəkib.
Sedavi enerji resurslarının və tədarük marşrutlarının şaxələndirilməsinin sabit enerji təchizatının təmin olunması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Beynəlxalq daşımalarda viza və sərhədkeçmə məsələləri problem yaradır
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) TIR və Tranzit Xidmətləri direktoru Tatiana Rey-Bellet 79 ölkənin tərəfdaş olduğu TIR sisteminin beynəlxalq daşımalarda sərhədkeçmə prosedurlarını asanlaşdırmaq məqsədi daşıdığını xatırladıb.
Avtomobil nəqliyyatı ilə daşımalar zamanı sürücülərin viza rəsmiləşdirilməsi və sərhəd keçidlərində uzun növbələrlə qarşılaşdıqlarını bildirən Rey-Bellet sürücülər üçün uzunmüddətli və çoxdəfəlik vizalar da daxil olmaqla, sürətləndirilmiş prosedurların tətbiq olunmalı olduğunu vurğulayıb.
Rey-Bellet sürücülərin sərhəd-keçid məntəqələrində həftələrlə gözləmək məcburiyyətində qaldıqlarını diqqətə çatdıraraq, beynəlxalq daşımaları asanlaşdıracaq vahid qaydaların qəbul edilməsinin vacibliyini qeyd edib.
Hörmüz boğazına alternativ marşrut axtarışları artır
Texas A&M Universitetinin müəllimi professor Jan-Pol Rodriq geopolitik proseslərin qlobal tədarük zəncirlərini yenidən formalaşdırdığını və şirkətləri alternativ nəqliyyat marşrutlarına yönəltdiyini bildirib.
Dəniz daşımalarında marşrut seçiminin ölkələrin geopolitik mövqeyindən asılı olaraq dəyişdiyini vurğulayan Rodriq bəzi şirkətlərin tranzit daşımalara, bəzilərinin isə avtomobil, dəmir yolu və boru kəmərlərinə üstünlük verdiyini diqqətə çatdırıb.
Rodriq yaxın illərdə Hörmüz boğazından istifadə etmədən daşımaların həyata keçirilməsini təmin edəcək quru marşrutlarına böyük həcmdə sərmayələrin qoyulacağını gözlədiyini ifadə edib.





















