SİYASƏT
1 dəqiqə oxuma
Avropa Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarında təmsil olunacaq
Danışıqlar 10-11 noyabr tarixlərində keçiriləcək
Avropa Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarında təmsil olunacaq
Avropa Əbu-Dabidəki Rusiya-Ukrayna danışıqlarında təmsil olunacaq

Fransanın xarici işlər naziri Jan-Noel Barro 10-11 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək görüşlərlə bağlı açıqlama verib. Nazir bildirib ki, ABŞ-nin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında aparılacaq danışıqlarda Avropa da təmsil olunacaq.

J-N.Barro bu barədə "RTL" radiosunun efirində Avropanın 10-11 noyabr tarixlərindəki danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Avropanın müzakirələrə qatılmaq üçün Əbu-Dabidə olacağını vurğulayan J-N.Barro deyib: "Bu iclasda Fransanı kimin təmsil edəcəyini hələ ki açıqlaya bilmərəm. Lakin Fransa mütləq orada olacaq. Avropalılar son həftələrdə mövqelərini sərtləşdiriblər. Onlar qitənin gələcəyi ilə bağlı heç bir danışıqların gözləntilərimizi və tələblərimizi gözardı edə bilməyəcəyini ABŞ vasitəçilərinin diqqətinə çatdırıblar."

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff daha əvvəl məsələ ilə bağlı açıqlama vermişdi. O bildirmişdi ki, rəsmi Vaşinqtonun vasitəçiliyi ilə 10-11 noyabr tarixlərində BƏƏ-nin paytaxtı Əbu-Dabidə Rusiya və Ukrayna arasında işçi səviyyəsində görüşlər keçiriləcək. S.Vitkoff bu danışıqların müharibədən sonrakı təhlükəsizlik tədbirləri, gərginliyin azaldılması, humanitar yardım fəaliyyətləri və sülhə doğru atılacaq növbəti addımlara fokuslanacağını qeyd edib.