İsrail vətəndaşı olan fələstinliləri təmsil edən Birgə Ərəb Siyahısı müvəqqəti Baş nazir Benyamin Netanyahunun "tam bir histeriya içində olduğunu" bildirərək, onun parlamentdəki (Knesset) çıxışını "dəlilik və irqçilik" kimi qiymətləndirib.
Birgə Ərəb Siyahısı Netanyahunun çıxışında İsrail ərəblərinə qarşı təhrikedici ifadələr işlətməsindən sonra yazılı bəyanat yayıb.
Netanyahunun çıxışlarına etiraz edilən bəyanatda bildirilib: Qan tökən və cinayət törədən Baş nazir tam bir histeriya içindədir. Bu gün etdiyi çıxışdakı dəlilik, təhrikçilik, irqçilik və nifrət dolu ifadələri başqa cür izah etmək mümkün deyil. Netanyahunu, Parlament Sədrini və onların kahanist hökumətini devirmək istəyən seçicilərimizin iradəsini yaxın zamanda həyata keçirmək və onları tarixin zibilliyinə atmaq üçün çalışacağıq.
Digər tərəfdən, Birləşmiş Ərəb Siyahısının (Raam) lideri Mansur Abbas da İsrailin "Kanal 12" televiziyasına verdiyi açıqlamada Netanyahunun ərəb deputatları hədəf alan çıxışına etirazını bildirib.
Abbas deyib: "Baş nazirin rəsmi tədbirdən İsraildəki ərəb vətəndaşlara qarşı təhrikçilik və qanlı böhtanlar uydurmaq üçün istifadə etməsi məni təəccübləndirdi. Sədaqətimizlə bağlı heç bir şübhə yoxdur".
İsrail Baş naziri Netanyahu oktyabrın 27-də keçirilən seçkilərdən sonra parlamentin açılış iclasında milli birlik hökuməti çağırışını təkrarlayaraq, Raam və Birgə Siyahını "İsrailin məhvini məqsəd qoymaqda" ittiham etmişdi: "Ölkəmizin taleyini bu insanların əllərinə həvalə edəcəksiniz? Nəhəng bir sionist kütləni təmsil edən sionist partiyalar əvəzinə onları üstün tutursunuz?" -deyə danışmışdı.
Ölkədə oktyabrın 27-də keçirilən seçkilərdə Birgə Siyahı 11 mandat, Mansur Abbasın rəhbərlik etdiyi Birləşmiş Ərəb Siyahısı isə 8 mandat qazanıb.
Hər iki siyahı Netanyahu hakimiyyətinə son qoymaq məqsədilə hökuməti qurmaq vəzifəsinin "Yashar" Partiyasının lideri Qadi Ayzenkota tapşırılmasını dəstəklədiklərini bəyan etsələr də, bu məsələ onların ehtimal olunan koalisiya hökumətində yer alacaqları mənasını daşımır.























