Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Azərbaycanın Zəfər Günü tədbirlərində iştirak etmək məqsədi ilə İstanbuldan Qarabağa yola düşüb.
Zəfər Günü münasibətilə Azərbaycana gedən Prezident R.T.Ərdoğanı Atatürk Hava Limanından vitse-prezident Cevdet Yılmaz, İstanbul valisi Davud Gül və Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul təşkilatının sədri Abdullah Özdəmir yola salıblar.
Prezident R.T.Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğanla yanaşı, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, Kənd və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran, Türkiyə Prezidentinin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, Ədalət və İnkişaf Partiyası sədrinin müavini və Türk Dövlətləri ilə Əlaqələr şöbəsinin sədri Kürşad Zorlu, eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım müşayiət ediblər.
R.T.Ərdoğan və İ.Əliyev təkbətək görüşəcəklər
Prezident R.T.Ərdoğan parada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə qatılacaq.
Ölkə başçısı R.T.Ərdoğanın səfər çərçivəsində Prezident İ.Əliyev ilə təkbətək görüş keçirəcəyi bildirilib.
Görüşdə Türkiyə və Azərbaycan arasındakı tarixi qardaşlıq münasibətləri ətraflı şəkildə müzakirə ediləcək. İş birliyi sahələrinin daha da dərinləşdirilməsi məsələsi müzakirə olunacaq. R.T.Ərdoğan-İ.Əliyev görüşündə regional və qlobal məsələlər də gündəmə gələcək.





















