Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail, ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasını məmnunluqla qarşılayıb.
Dövlət başçısı rəsmi "X" platformasındakı paylaşımında 28 fevraldan etibarən bölgəni alov meydanına çevirən gərginlikdən sonra elan edilən atəşkəsin əhəmiyyətini vurğulayıb. Prezident paylaşımında mümkün təxribat və sabotajlara imkan verilmədən atəşkəs rejiminin tam şəkildə tətbiq olunacağına ümid etdiyini bildirib, həmçinin prosesə töhfə verən bütün tərəfləri, xüsusilə də vasitəçilik missiyasını yerinə yetirən Pakistanı təbrik edib. Regionun ən qısa zamanda davamlı sülh və sabitliyə qovuşmasını arzulayan Rəcəb Tayyib Ərdoğan Türkiyənin həm ölkə daxilində, həm də beynəlxalq platformalarda sülhün tərəfdarı kimi çıxış etməyə davam edəcəyini və dünyada sülhün səsini yüksəldəcəyini qeyd edib.
Xatırladaq ki, aprelin 8-də ABŞ və İran arasında iki həftəlik müvəqqəti atəşkəs əldə olunub. Razılaşmaya əsasən, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatları dayandıracaq, rəsmi Tehran isə qlobal neft tədarükü baxımından strateji əhəmiyyət kəsb edən Hörmüz boğazını kommersiya gəmilərinin hərəkəti üçün yenidən açacaq.
Müvəqqəti atəşkəs Donald Trampın "işlək əsas" kimi qiymətləndirdiyi 10 maddəlik təklif paketinin müzakirəsi üçün zəmin yaradır. Daha əhatəli və uzunmüddətli sülh sənədinin hazırlanması məqsədilə danışıqların yaxın vaxtlarda İslamabadda başlanması gözlənilir.

















