TÜRKİYƏ
2 dəqiqə oxuma
H.Fidan:"İsrailin Türkiyəni yeni düşmən elan etmək niyyətində olduğunu müşahidə edirik''
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrail strateji diqqətini İrandan sonra Türkiyəni növbəti regional rəqib kimi hədəf göstərməyə yönəldə bilər
H.Fidan:"İsrailin Türkiyəni yeni düşmən elan etmək niyyətində olduğunu müşahidə edirik''
H.Fidan:"İsrailin Türkiyəni yeni düşmən elan etmək niyyətində olduğunu müşahidə edirik'' / AA
13 aprel 2026

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrail İrandan sonra diqqətini Türkiyəyə yönəldərək onu növbəti regional rəqib kimi görə bilər. Nazir vurğulayıb ki, İsrailin siyasəti getdikcə xarici düşmənlərin müəyyənləşdirilməsi üzərində qurulur.

Anadolu Agentliyinə müsahibə verən Hakan Fidan rəsmi Ankaranın İsrailin dəyişən regional mövqeyinə dair qiymətləndirmələrini bölüşərək deyib: "İrandan sonra İsrail düşmənsiz yaşaya bilməz. Biz onun Türkiyəni yeni düşmən elan etməyə çalışdığını görürük".

Nazir Yaxın Şərq ölkələrini suverenliyə, ərazi bütövlüyünə və milli təhlükəsizliyə qarşılıqlı hörmətə əsaslanan regional təhlükəsizlik sisteminə riayət etməyə çağırıb. O, regionda sabitliyin qorunması üçün belə bir razılaşmanın zəruri olduğunu qeyd edib.

Hakan Fidan İsrailin Qəzzadakı taktikasını hazırda Livanda tətbiq etdiyini, infrastrukturun və yaşayış sahələrinin geniş şəkildə dağıdılmasının əhalinin azaldılması kampaniyasının bir hissəsi olduğunu vurğulayıb. Suriya məsələsinə də toxunan nazir qeyd edib ki, İsrailin bu ölkədəki hücumları Türkiyə üçün ciddi risk yaradır və əsas problem sahələrindən biridir. Nazir bildirib ki, İsrailin hazırda daha ehtiyatlı davranması diqqətini tamamilə İrana yönəltməsi ilə bağlıdır, lakin bu vəziyyət müvəqqətidir.

Diplomatik prosesləri şərh edən nazir İran və ABŞ-ni atəşkəsin qorunmasında səmimi göründüklərini, lakin kənar aktorların bu irəliləyişi poza biləcəyi barədə xəbərdarlıq edib. Hakan Fidan Türkiyənin Hörmüz boğazının dinc yolla yenidən açılmasını dəstəklədiyini xatırladaraq silahlı müdaxilənin böyük risklər daşıdığını və dəniz naviqasiyasının fasiləsizliyinin qlobal zərurət olduğunu vurğulayıb.

NATO ilə bağlı məsələlərə toxunan nazir 7-8 iyul 2026-cı il tarixlərində Ankarada keçiriləcək sammitin ittifaq tarixindəki ən mühüm görüşlərdən biri ola biləcəyini və NATO-ABŞ münasibətlərini daha da sistemləşdirmək üçün mühüm fürsət yaradacağını diqqətə çatdırıb.