Bu gün sizlərlə birlikdə Anadolunun dərinliklərində gizlənən sirlərlə dolu bir səyahətə çıxaraq 2025-ci ildə Türkiyədə həyata keçirilən diqqətçəkən arxeoloji kəşfləri araşdıracağıq.
Tarix boyu saysız-hesabsız sivilizasiyaya qucaq açmış Anadolu keçmişin izlərini daşıyan saysız-hesabsız abidələrlə zəngindir. Bu günə qədər bir çox mühüm qalıqlar üzə çıxarılsa da, torpağın dərinliklərində hələ də kəşf edilməyi gözləyən saysız mədəni irs nümunələri mövcuddur.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə aparılan arxeoloji qazıntılar Anadolunun minillik tarixini işıqlandıran yeni tapıntıların üzə çıxmasına şərait yaradır. Türkiyənin müxtəlif bölgələrində həm quruda, həm də sualtı mühitdə qazıntı işləri aparan mütəxəssis qruplar yüksək dəqiqliklə quyuları qazırlar. Onlar səbr və diqqətlə keçmişin izlərini üzə çıxarmağa çalışırlar.
2025-ci ildə də Türkiyədə arxeoloji tədqiqatlar “Gələcəyə Miras” layihəsi çərçivəsində fasiləsiz davam etdirildi. Müxtəlif şəhərlərdə aparılan qazıntılar zamanı tarixə işıq salan çoxsaylı artefaktlar gün üzünə çıxarıldı.
İndi isə gəlin aparılan qazıntılar nəticəsində aşkarlanan ən diqqətçəkən arxeoloji kəşflərə birlikdə nəzər salaq.
Amasrada gülümsəyən Meduza fiquru
İlk dayanacağımız Bartın vilayətinin Amasra rayonudur. Amastris qədim şəhərində üç il əvvəl başlanan qazıntılar qədim dövrdə bu ərazidə möhtəşəm tikililərin mövcud olduğunu ortaya qoydu.
Bartın Universiteti tərəfindən həyata keçirilən tədqiqatlar zamanı təbii fəlakətlər nəticəsində dağıldığı müəyyən edilən və Roma dövrünə aid hündürlüyü 9 metrə çatan mərmər sütunları ilə diqqət çəkən bir stoa tikilisi aşkarlandı.
Mədəniyyət və Turizm Nazirliyinin “Gələcəyə Miras” layihəsi çərçivəsində aparılan bərpa işləri zamanı “anastiloz” üsulu ilə, yəni tikilinin orijinal hissələrin birləşdirilməsi yolu ilə üç sütun yenidən ayağa qaldırıldı. Digər dörd sütun, bloklar və tavan panelləri də gün üzünə çıxarıldı.
Elə ən maraqlı məqam məhz bundan sonra ortaya çıxdı. Tavan panellərində yunan mifologiyasındakı “ilan saçlı varlıq” Meduzanın nadir rast gəlinən gülümsəyən təsviri aşkar edildi. Bu, həqiqətən də böyük bir kəşfdir.
Efesdə Misir tanrısı Serapis təsvirli tütsü qabı
İndi isə UNESCO Dünya İrsi Siyahısına daxil edilmiş Efesə üz tuturuq. Burada aparılan qazıntı və bərpa işləri “Gələcəyə Miras – Sonsuz Efes” layihəsi çərçivəsində il boyu fasiləsiz davam etdirildi.
Təxminən 570 metr uzunluğundakı Liman küçəsinin üzərində yerləşən Liman Hamamında aparılan tədqiqatlar oval zal, həyət, sanitar qovşağı və hovuz bölmələrində cəmləşir.
Qazıntı qrupu bu ərazilərdə işləyərkən olduqca maraqlı bir tapıntıya rast gəldi: Misir tanrısı Serapisin təsfiri olan bişmiş gildən hazırlanmış tütsü qabı. Əşyanın üzərində xüsusi bir bölmə mövcuddur və qabaq hissəsində Serapis təsviri diqqəti cəlb edir. Tütsü qabının arxa tərəfində yer alan yazı isə bu tapıntını daha da əhəmiyyətli edir.
Şanlıurfada 10 min illik insan siması
İndi isə daha heyrətamiz bir kəşfi diqqətinizə çatdıraq. Belə ki, Şanlıurfada “Daş Təpələr Layihəsi” çərçivəsində aparılan qazıntılar zamanı tarixə işıq salan mühüm tapıntı əldə olunub.
Bu il aparılan işlər zamanı dörd blokdan ibarət əhəngdaşı platformasının ön hissəsində yüksək və alçaq relyef texnikası ilə işlənmiş, üz cizgiləri son dərəcə aydın olan iki insan siması aşkar olunub.
Qeyd edək ki, bu əsərlərin yaşı təxminən 10 min 500 il olaraq müəyyən edilib. Əldə edilən bu kəşf insanlıq tarixinin nə qədər qədim dövrlərinə getdiyimizi göstərir.
Bu fiqurlar Neolit dövrünün bədii müxtəlifliyini və regional üslub fərqlərini əks etdirməsi baxımından böyük əhəmiyyət daşıyır. Relyeflərin yerləşdiyi platformanın bu məkan üçün xüsusi inşa edildiyi müəyyən olunub. Ətrafında əsas qayaya oyulmuş çuxurlar və müəyyən konstruktiv quruluş da aşkar edilib.
Gümüşhanədə Misir tanrıçası İsis heykəli
İndi isə Şərqi Anadoluya – Gümüşhanənin Kelkit rayonuna üz tuturuq. Roma dövründə hərbi qərargah kimi istifadə edilən Satala qədim şəhərində aparılan qazıntılar zamanı olduqca mühüm bir tapıntı əldə olunub.
Nekropol ərazisində aparılan tədqiqatlar zamanı Misir tanrıçası İsisin 20 santimetrlik bürünc büstü öz altlığından qopmuş vəziyyətdə aşkar edilib. Heykəl üçayaqlı quruluş üzərində yerləşən, çiçək formalı altlıqdan yüksələn tanrıça fiquru ilə birlikdə gün üzünə çıxarılıb. Büstün baş hissəsində sol tərəfi qorunmuş şəkildə məhsuldarlıq və bolluğu simvolizə edən iki buğda sünbülü təsvir edilib. Tanrıça fiquru qabaq hissəsində düyünlə bağlanmış püsküllü şal geyinmiş halda təsvir olunub. Hazırda bərpa işləri davam edən heykəlin gələcəkdə Gümüşhane şəhər muzeyində sərgilənəcəyi bildirilib.
Adrasanda 2000 illik batmış gəmi
İndi isə quru qazıntılarından ayrılıb suların dərinliklərinə enək. Antalyanın Kumluca rayonunun Adrasan sahillərində aparılan sualtı arxeoloji tədqiqatlar zamanı Ellinizm dövrünün sonu və Roma dövrünün əvvəllərinə aid keramika batığı aşkar edilib.
33–46 metr dərinlikdə aşkar edilən bu batıqda yüzlərlə keramika nümunəsinin olduğu müəyyən olunub. Təxminən 2000 il əvvəl yük gəmisində daşındığı ehtimal edilən bu keramika qabları daşınma zamanı qorunması üçün xam gil ilə örtülərək iç-içə yerləşdirilib.
Nadir rast gəlinən bu batıq Ellinizm dövrünün sonu və Roma dövrününə dair mühüm məlumatlar təqdim edərək o dövrün ticarət yolları, gündəlik həyatı və sənət anlayışı barədə yeni məlumatlar verə bilər.
Aspendosda Hermes heykəli
Aspendos qədim şəhərində 2025-ci ildə aparılan qazıntılar zamanı Roma İmperiyası dövrünə aid mühüm heykəl tapıntıları üzə çıxarılıb. Teatr küçəsinin şərqində yerləşən monumental çeşmə qalıqları arasında tapılan mərmər Hermes heykəli əvvəlcə hissələr halında çıxarılıb, daha sonra birləşdirilib.
Sağ əlində pul kisəsi, sol əlində əsa tutan Hermesin yanında başını ona tərəf çevirmiş qoç fiquru da yerləşir. Postamenti ilə birlikdə hündürlüyü 165 santimetrə çatan heykəl eramızın II əsrinin sonu ilə III əsrinin əvvəllərinə aid edilir.
Eyni ərazidə sevgi ilahəsi kimi tanınan Afrodita və sevgi tanrısı Erosa aid olduğu ehtimal edilən baş hissələri də aşkar edilib.
Perqe antik şəhərindən beş heykəl
Antalyada yerləşən Perqe antik şəhərində aparılan qazıntılar zamanı müxtəlif dövrlərə aid beş heykəl aşkar edilib.
Tapılan əsərlər arasında təxminən 2 metr hündürlüyündə, delfinin üzərində oturan Eros fiquru ilə birlikdə yer alan Afrodita heykəli xüsusi diqqət çəkir.
Afrodita heykəlinin yanında Severlər dövrünə aid olduğu ehtimal edilən 187 santimetr hündürlüyündə qadın heykəli, eləcə də ona bənzər xüsusiyyətlərə malik iki hissədən ibarət başqa bir qadın heykəli də tapılıb.
Şəhərin şərq küçəsində aparılan qazıntılar zamanı isə yanaşı vəziyyətdə duran bir qadın və bir kişi heykəli üzə çıxarılıb. Bu tapıntılar Perqenin heykəltəraşlıq ənənəsi və həmin dövrün ictimai quruluşu barədə mühüm məqanlar təqdim edir.
Stratonikeyada 2 min illik qədim daş məzar tabutu
İndi isə UNESCO-nun Dünya İrsi Müvəqqəti Siyahısına daxil edilmiş və “Qladiatorlar şəhəri” kimi tanınan Stratonikeyaya üz tuturuq. Muğla şəhərinin Yatağan rayonunda yerləşən bu qədim şəhərdə Ellinizm, Roma və Bizans dövrlərinə aid mühüm tapıntılar üzə çıxarılıb.
Davam edən qazıntılar zamanı təxminən 2000 il əvvələ aid girlandlarla – yəni çələng formalı bəzəklərlə – naxışlarla bəzədilmiş bir daş tabut aşkar edilib. Daş tabutun künclərində qoç başları, orta hissəsində isə Eros fiqurları və öküz başları təsvir olunub. Canlı və incə işlənmiş girland bəzəklərində zeytun, üzüm, nar və xaşxaş motivləri diqqət çəkir.
Perqamonda “Mozaikalı ev” kəşfi
İzmir yaxınlığındakı Perqamon antik şəhərində Roma dövrünə aid “Mozaikalı ev” aşkar edilib. Mozaik döşəməsi ilə diqqət çəkən bu tikili kompleksinin miladdan sonra II və ya III əsrdə inşa edildiyi güman olunur.
“Mozaikalı ev” mərkəzi daş həyəti və hovuzu ilə seçilir. Burada olduqca maraqlı bir məqam da var. Belə ki, hovuzda “dünyanın ən şirin uşağı” yazısı olan və yanında iti ilə birlikdə dovşan ovuna çıxan uşaq fiqurunun təsvir edildiyi bir məzar daşı yerləşir. Araşdırmalara görə, bu tikili xristianlıq dövründə də istifadə olunub. Lakin VII əsrdə ərəblərin yürüşləri zamanı baş verən böyük yanğından sonra bu ənənə tərk edilib.
Qazıntılar zamanı həmçinin Ellinizm dövrünə aid kral möhürlü kirəmit parçası, eləcə də Roma və Bizans dövrlərinə aid mətbəx qabları, zinət əşyaları və sikkələr də tapılıb.
İznikdə Roma dövrünə aid döşəmə mozaikası
Son dayanacağımız Bursa vilayətinin İznik şəhəridir. Burada 11 il əvvəl kanalizasiya işləri zamanı təsadüfən aşkar edilən döşəmə mozaikasının bir hissəsi arxeoloji qazıntılar nəticəsində üzə çıxarılıb.
Təxminən 50 kvadratmetr sahəni əhatə edən və III əsrə aid edilən bu mozaikanın Roma dövründə ictimai tikiliyə və ya dəbdəbəli bir binaya məxsus salonun döşəməsi olduğu ehtimal edilir.
Mozaikanın üzərində qucağında meyvə dolu səbət tutan qadın fiquru, saçlarında xərçəng qısqaclarını xatırladan saç hörüyü olan və İznik gölünü simvolizə etdiyi düşünülən qadın üzü, həmçinin müxtəlif təsvirlər, geometrik fiqurlar və üçölçülü naxışlar yer alır.
2025-ci ildə Türkiyənin müxtəlif bölgələrində aşkar edilən bu əsərlər Anadolunun minilliklərə uzanan zəngin mədəni irsini bir daha gözlər önünə sərir. Hər yeni tapıntı keçmişlə qurulan əlaqəni daha da gücləndirir və gələcək nəsillərə ötürüləcək mirasın dəyərini artırır.
Torpağın altında kəşf edilməyi gözləyən saysız-hesabsız xəzinə Anadolunun tarix səhnəsindəki bənzərsiz mövqeyini sübut etməyə davam edir.









