Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd əl-Saninin iştirakı ilə Dolmabağça ofisində Türkiyə–Qətər Yüksək Strateji Komitəsinin 12-ci iclası keçirilib. Təkbətək və nümayəndə heyətləri arasında keçirilən görüşlərdən sonra iki ölkə arasında sazişlərin imzalanma mərasimi baş tutub. Beləliklə Prezident R.T.Ərdoğan və Qətər Əmiri əl-Saninin iştirakı ilə iki ölkə arasında 5 saziş imzalanıb.
Tərəflər arasında "İstehlakçıların Hüquqlarının Müdafiəsi, Bazar Nəzarəti və Yoxlanılması Sahələrində Əməkdaşlığa dair Anlaşma Memorandumu" ticarət naziri Ömər Bolat ilə Qətərin ticarət və sənaye naziri Şeyx Feysəl əl-Tani tərəfindən imzalanıb.
"Təhsil Sahəsində Əməkdaşlıq Sazişi"nə təhsil naziri Yusuf Tekin ilə Qətərin dövlət naziri Məhəmməd bin Əbdüləziz əl-Xüləyfi imza atıblar.
Türkiyə Respublikası Xarici İşlər Nazirliyi ilə Qətər dövləti Xarici İşlər Nazirliyi arasında "Sülh və Münaqişələrin Həlli üzrə Əməkdaşlıq Memorandumu" xarici işlər naziri Hakan Fidan ilə Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Sani tərəfindən imzalanıb.
"Yüksək Strateji Komitənin On İkinci İclasının Birgə Bəyannaməsi"nə də xarici işlər naziri Hakan Fidan ilə Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Sani imza atıblar.
Türkiyə Respublikası ilə Qətər Dövləti arasında "Qarşılıqlı Müdafiə Sazişi" isə Prezident R.T.Ərdoğan ilə Qətər Əmiri əl-Sani tərəfindən imzalanıb.
Türkiyə–Qətər Yüksək Strateji Komitəsinin 12-ci iclasının Birgə Bəyannaməsi yayımlanıb
Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə ilə Qətər arasında Yüksək Strateji Komitənin 12-ci iclasının birgə bəyannaməsi yayımlanıb.
Bəyannamədə iclasın Prezident Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Təmim bin Həməd əl-Saninin sədrliyi ilə, 2014-cü il 19 dekabr tarixli Yüksək Strateji Komitənin Yaradılmasına dair Birgə Memorandumda qeyd olunan əməkdaşlıq sahələri üzrə məsul nazirlərin iştirakı ilə İstanbulda keçirildiyi bildirilib.
Tərəflərin ticarət dövriyyəsini 5 milyard ABŞ dollarına çatdırmaq hədəflərini bir daha təsdiqlədikləri qeyd olunan bəyannamədə ticari və iqtisadi əlaqələri genişləndirmək və şaxələndirmək üçün yeni imkanların araşdırılması barədə razılığa gəlindiyi vurğulanıb. Həmçinin Ticarət və İqtisadi Tərəfdaşlıq Sazişinin (TEPA) bu hədəfə nail olunmasına verəcəyi töhfənin də qiymətləndirilməsi qərara alınıb.
Bəyannamədə tərəflərin Qətərin Türkiyədəki investisiyalarından və Türkiyənin podratçı şirkətlərinin Qətərdə ümumi dəyəri 20,8 milyard dollar olan 206 layihə həyata keçirməsindən məmnunluq duyduğu qeyd edilib. Eyni zamanda iqtisadi və ticari əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə olunduğu bildirilib.
Türkiyə–Qətər İqtisadi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyasının 7-ci iclası Dohada keçiriləcək
Bəyannamədə tərəflərin ticari əlaqələrin inkişafında Türkiyə–Qətər Birgə İqtisadi və Ticarət Komitəsinin (JETCO) əhəmiyyətini vurğuladığı və komitənin ikinci iclasını Dohada keçirməyə hazır olduqları qeyd olunub. Tərəflər həmçinin Türkiyə–Qətər İqtisadi və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyasının 7-ci iclasının da mümkün olan ən qısa müddətdə Dohada təşkili barədə razılığa gəliblər.
Bəyannamədə 2018-ci ildə imzalanan və 1 avqust 2025-ci ildə qüvvəyə minən Ticarət və İqtisadi Tərəfdaşlıq Sazişinin (TEPA) əhəmiyyətinə də toxunulub. Bildirilib ki, bu saziş ticarət mübadiləsini inkişaf etdirmək, mal və xidmət üzrə çatdırılmanı asanlaşdırmaq və qarşılıqlı investisiyaları təşviq etməklə iki ölkə arasındakı strateji tərəfdaşlığın dərinləşdirilməsinə, eləcə də regional iqtisadi inteqrasiyanın dəstəklənməsinə töhfə verəcək əhatəli bir çərçivə təqdim edir.
Müdafiə sahəsində əməkdaşlıq
Bəyannamədə iki tərəfin ortaq təhlükəsizlik narahatlıqlarını strateji prioritet kimi qiymətləndirmək və müdafiə ilə bağlı məsələlərdə əməkdaşlığı daha da inkişaf etdirmək əzmində olduqlarını ifadə etdikləri qeyd olunub.
Tərəflərin birgə müdafiənin gücləndirilməsi, regional təhlükəsizlik və sabitliyin dəstəklənməsi, eləcə də xarici silahlı təcavüzə qarşı ortaq mövqeyin təşviq edilməsi məqsədilə "Türkiyə ilə Qətər arasında Qarşılıqlı Müdafiə Sazişi"nin imzalanmasını təqdirlə qarşıladıqları vurğulanan bəyannamədə aşağıdakılar qeyd edilib:
"İki tərəf sözügedən sazişin təkcə imzalayan tərəflərin suverenliklərini və ərazi bütövlüklərini qorumaq öhdəliyini deyil, həm də daha təhlükəsiz və sabit regional nizama töhfə vermək istiqamətindəki ortaq baxışlarını əks etdirdiyini təsdiqləyib. Bu kontekstdə hər iki tərəf təhlükəsizliklərinə yönəlmiş təhdidlərlə yanaşı, regional və qlobal təhlükəsizlik məsələləri, eləcə də müdafiə siyasətləri barədə məsləhətləşmələr aparmaq barədə razılığa gəlib. Eyni zamanda birgə hərbi təlimlər, müdafiə sənayesi əməkdaşlığı və kadr hazırlığı mübadiləsi vasitəsilə əməkdaşlığı inkişaf etdirmək qərara alınıb".
Bəyannamədə Türkiyə, Qətər, Pakistan və İndoneziya tərəfindən imzalanan "Bədr Memorandumu"nun yerli imkanların inkişaf etdirilməsi yolu ilə müdafiə ehtiyaclarının qarşılanmasına yönəlmiş birgə potensialın artırılması istiqamətində atılmış mühüm addım kimi təqdirlə qarşılandığı qeyd edilib. Bildirilib ki, tərəflər sözügedən memorandumun birgə istehsal, texnologiyaların inkişafı, bilik və təcrübə mübadiləsi ilə yanaşı, müdafiə sənayesi infrastrukturu və təchizat zəncirlərinin gücləndirilməsi sahələrində daha sıx əməkdaşlığa zəmin yaradacağını vurğulayıblar.
Təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsinə gəlincə, bəyannamədə iki ölkə arasında imzalanmış sazişlərə istinad edilərək, ölkələr arasında həyata keçirilə biləcək texniki dəstək və təlimlər də daxil olmaqla qısamüddətli və uzunmüddətli proqramlara toxunulub.
Qəzzaya humanitar yardım fəaliyyətlərinin əlaqələndirilməsi barədə razılıq əldə olunub
Bəyannamədə tərəflərin saxlanılan bütün humanitar yardım işçilərinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) əməkdaşlarının dərhal və qeyd-şərtsiz azad edilməsini tələb etdikləri vurğulanaraq, aşağıdakılar qeyd olunub:
"İki tərəf Qəzzada tez zamanda bərpa və yenidən qurma işlərinin aparılması və humanitar yardım fəaliyyətlərinin aparılması barədə razılığa gəlinib. Bundan əlavə, Qəzzada tam, təhlükəsiz və maneəsiz humanitar çıxışın təmin olunmasına çağırış edilib. Qəzzadakı sığınacaq imkanlarını və humanitar yardımları artırmaq üçün sıx əməkdaşlıq etmək barədə razılıq əldə olunub. Hər iki tərəf qış mövsümünün daşqın fəlakətlərinin Qəzzadakı fələstinlilərə zərbə vurması və onsuz da çox ağır olan yaşayış şəraitini daha da pisləşdirərək dözülməz həddə çatdırması səbəbindən təcili tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb".
Bəyannamədə ətraf mühit və iqlim dəyişikliyi sahəsində əməkdaşlıq çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31), 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinə və "Sıfır Tullantı" təşəbbüsünə toxunulub. Tərəflər həmçinin ailə və sosial xidmətlər sahəsində əməkdaşlığı gücləndirmək əzmində olduqlarını bir daha təsdiqləyiblər.
İsrailə öhdəliklərinə tam əməl etmək çağırışı
Bəyannamədə tərəflərin İsraili atəşkəs razılaşması və beynəlxalq hüquq çərçivəsindəki bütün öhdəliklərinə tam əməl etməyə çağırdıqları, eləcə də mülki şəxslərin qorunmasının və humanitar yardımlara maneəsiz çıxışın təmin edilməsinin vacibliyini vurğuladıqları qeyd olunub.
Tərəflərin İsrailin Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilindəki qanunsuz məskunlaşma fəaliyyətlərini, qeyri-qanuni srailli köçkünlərin törətdikləri zorakılıqları və terror aktlarını, torpaqların müsadirəsini və məcburi köçkünlük tətbiqlərini qətiyyətlə pislədikləri vurğulanıb. Həmçinin işğal altındakı Fələstin torpaqlarının hüquqi, coğrafi və demoqrafik statusunu dəyişdirməyə yönəlmiş bütün tədbirlərin rədd edildiyi qeyd olunub. Bəyannamədə deyilir:
"Bundan əlavə, tarixi Haşimi himayədarlığının xüsusi rolunu tanımaqla yanaşı, işğal altındakı Qüdsdə yerləşən Əl-Əqsa məscidi ilə digər İslam və Xristian dininin müqəddəs məkanlarının tarixi və hüquqi status-kvosunu dəyişdirməyə yönəlmiş hər cür cəhdi qəti şəkildə rədd etdiklərini bir daha təsdiqləyiblər. Tərəflər ekstremist qeyri-qanuni srailli köçkünlərin və rəsmilərin İsrail qüvvələrinin mühafizəsi altında Əl-Əqsa məscidinə qarşı davam edən hücumlarını pisləyiblər. Hər iki ölkə Əl-Əqsa məscidinin 144 dönümlük ərazisinin tamamilə və müstəsna olaraq müsəlmanlara məxsus ibadət yeri olduğunu, Qüds Vəqfləri və Əl-Əqsa Məscidi İşləri İdarəsinin isə bu ərazinin idarə olunmasına cavabdeh səlahiyyətli qurum olduğunu yenidən təsdiqləyiblər".
İki ölkənin Fələstin və Qəzza məsələsindəki bəyanatlarına və mövqelərinə, İsrailə yönəlmiş qınamalarına istinad edilən bəyannamədə Suriya məsələsinə də toxunulub. Bildirilib ki, tərəflər ölkənin son dərəcə çətin şəraitində sabitliyin bərpa edilməsi, dövlət strukturlarının gücləndirilməsi və Suriyanın rəhbərliyi ilə siyasi prosesin irəlilədilməsi istiqamətindəki səylərə dəstəklərini bir daha təsdiqləyiblər.
Tərəflər vurğulayıblar ki, beynəlxalq ictimaiyyət İsrailin Suriyanın suverenliyinə və ərazi bütövlüyünə qarşı davam edən pozuntularını dayandırmaq, 1974-cü il Qüvvələrin Ayrılması haqqında Sazişə hörmət edilməsini təmin etmək və beynəlxalq hüquqa zidd olaraq işğal edilmiş Suriya torpaqlarından İsrail qüvvələrinin çıxarılmasına nail olmaq məqsədilə qətiyyətli mövqe nümayiş etdirməlidir. Tərəflərin bu hədəflərə çatmağa yönəlmiş diplomatik təşəbbüsləri dəstəkləmək öhdəliklərini bir daha təsdiqlədikləri qeyd olunub.
Bəyannamədə tərəflərin ABŞ ilə İran arasında yaşanan münaqişənin və onun regiondakı genişmiqyaslı təsirlərinin dialoq və diplomatiya yolu ilə həll edilməsinin zəruriliyini vurğuladıqları bildirilib. Həmçinin regiondakı bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərilməsinin, mülki şəxslərin və mülki infrastrukturun qorunmasının vacibliyi yenidən təsdiqlənib.
Bəyannamədə tərəflərin qanuni gəmiçiliyə mane olan hər cür tədbir və ya məhdudiyyəti rədd etdikləri, Hörmüz boğazından təhlükəsiz, etibarlı və maneəsiz keçidin sürətlə və tam şəkildə bərpa olunmasına çağırış etdikləri ifadə olunub.
Tərəflərin İsrailin Livanın suverenliyini və ərazi bütövlüyünü pozan hərəkətlərini pislədikləri xatırladılan bəyannamədə Livan dövləti, hökuməti və xalqı ilə tam həmrəylik ifadə olunduğu təsdiqlənib.
Yəmənin birliyi və suverenliyinin qorunması çağırışı
Bəyannamədə tərəflərin Yəmənin birliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasının, eləcə də beynəlxalq səviyyədə tanınmış hökumətin dəstəklənməsinin həyati əhəmiyyət daşıdığını vurğuladıqları qeyd edilib:
"Tərəflər həmçinin husi silahlılarının Səudiyyə Ərəbistanı Krallığına qarşı mülki şəxsləri və mülki infrastrukturu hədəf alan hücumlarını, eləcə də Qırmızı dəniz və Bab əl-Məndəb boğazında ticarət gəmiçiliyinə yönəlmiş hücumlarını pisləyiblər. Tərəflər Yəmən hökuməti və Səudiyyə Ərəbistanı Krallığı ilə həmrəy olduqlarını bir daha təsdiqləyiblər. Onlar davamlı siyasi həllə nail olunması məqsədilə Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi ilə aparılan və digər diplomatik səylərə dəstəklərini təsdiqləyərək, husi silahlılarını hücumlarına dərhal son qoymağa və xoş niyyətlə siyasi prosesə qayıtmağa çağırıblar".
Bəyannamədə tərəflərin Sudanın birliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaqla ölkədəki böhranın sülh yolu ilə həllinə yönəlmiş mövcud vasitəçilik səylərinə və diplomatik təşəbbüslərə dəstəklərini təsdiqlədikləri qeyd olunub.
Türkiyə və Qətərin Afrika Buynuzunda sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasının vacibliyini vurğuladıqları bəyannamədə Somali də daxil olmaqla regiondakı bütün dövlətlərin suverenliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət göstərilməsinin və mehriban qonşuluq münasibətlərinin qorunub saxlanılmasının zəruriliyi qeyd edilib.
Bundan əlavə, tərəflər Kipr probleminin ədalətli, davamlı, dayanıqlı və qarşılıqlı şəkildə məqbul həllinə nail olunması zərurətini vurğulayıblar. Bəyannamədə deyilir: "Regional təhlükəsizlik çağırışlarını və onların təhlükəsizlik və sabitliyə yönəlmiş potensial risklərini dərk edərək, hər iki tərəf regional təhlükəsizliyi və ortaq sabitliyi gücləndirmək məqsədilə terrorizmin hər cür forma və təzahürü ilə mübarizədə sıx əməkdaşlığı davam etdirmək, PKK/PYD/YPG, DEAŞ və FETÖ ilə əlaqəli strukturlar da daxil olmaqla bütün terror təşkilatlarına qarşı mübarizə aparmaq öhdəliklərini bir daha təsdiqləyib".
Yekunda isə Türkiyə–Qətər Yüksək Strateji Komitəsinin 13-cü iclasının diplomatik kanallarla müəyyən ediləcək tarixdə, 2027-ci ilə qədər Qətərdə keçirilməsi barədə razılıq əldə olunduğu bildirilib.























