Yəməndə hökumət qüvvələri ölkənin cənubundakı Taiz vilayətinin Əş-Şamayeteyn rayonunda yerləşən strateji Kirfan dağını husilərdən geri aldıqlarını bəyan edib.
Yəmən Silahlı Qüvvələrinin Mətbuat Mərkəzindən verilən açıqlamaya görə, Taiz Oxu Qərargah rəisi general-mayor Əbdüləziz əl-Məcidi hökumət qüvvələrinin Kirfan dağında tam nəzarəti təmin etdiyini bildirib.
Məcidi Bəni Ömər bölgəsindəki "xalq müqavimət qüvvələri"nin də dəstək verdiyi əməliyyatda mövqe tutmuş husilərlə baş verən toqquşmalardan sonra dağın nəzarətə götürüldüyünü diqqətə çatdırıb.
Toqquşmalarda husilərdən 5-dən çox şəxsin öldüyünü, təxminən 20 nəfərin yaralandığını ifadə edən Məcidi husilərin bölgədəki hökumət mövqelərini minomyotlarla bombalamağa davam etdiyini bildirib.
Məsələ ilə bağlı husilərdən hələlik açıqlama verilməyib.
Kirfan dağı Əş-Şamayeteyn və Əl-Vaziiyyə rayonları arasındakı "Cərdad-Bəni Ömər" cəbhəsi dağ silsiləsi üzərində yerləşməsi səbəbindən strateji əhəmiyyət kəsb edir.
Yüksəkliyin nəzarətə götürülməsilə hökumət qüvvələri bölgəni müşahidə etmək və atəş məsafəsi ilə təhlükəsizliyi təmin etmək baxımından mühüm üstünlük əldə ediblər.






















