Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 18-də İstanbul hava limanında dördüncü uçuş-enmə zolağının və əlavə investisiyaların açılış mərasimində çıxış edib. Dövlət başçısı dördüncü zolağın və əlavə investisiyaların bu böyük aviasiya mərkəzinin qlobal əlaqələrinə mühüm töhfələr verəcəyini vurğulayıb.
Qeyd edək ki, 2026-cı ilin ilk səkkiz ayında Türkiyə üzrə hava yolu sərnişin axını 167,5 milyon nəfəri keçib. Bu göstərici ölkə əhalisinin sayını iki dəfəyə yaxın üstələyir.
Ölkə başçısı R.T.Ərdoğan çıxışında deyib: "Təkcə İstanbula nəqliyyat və infrastruktura sahəsində cari qiymətlərlə cəmi 2,12 trilyon lirəlik sərmayə qoymuşuq. Bu məbləğin 604,4 milyard lirəsi hava yollarının payına düşür. Biz Türkiyəni dünyanın ən geniş uçuş şəbəkəsinə malik ölkələrindən birinə çevirdik".
Yeni istifadəyə verilən zolağın uzunluğu 2.820 metr, eni isə 45 metrdir. Bu obyekt hava limanının ilk şərq-qərb istiqamətli uçuş-enmə zolağı olma xüsusiyyətini daşıyır.
Türkiyənin dünyada ən geniş nəqliyyat sistemlərindən birinə sahib olduğunu vurğulayan Prezident R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Parti) son 24 illik hakimiyyəti dövründə fəal hava limanlarının sayının 26-dan 58-ə qaldırılaraq iki dəfədən çox artırıldığını deyib.
Prezident sözlərinə belə davam edib: "Allaha həmd olsun, daxildə güclü, regionunda söz sahibi, dünyada isə nüfuzlu bir Türkiyəni millətimizlə birlikdə reallığa çevirdik. İndi isə yeni hədəflərlə birlik və güc xəttində yolumuza davam edirik".
Dünyanın ən çox əlaqəyə malik hava limanı
Türkiyə Pezidenti R.T.Ərdoğan bu bəyanatları qlobal səyahət təhlili şirkəti olan OAG-nin İstanbul hava limanını dünyanın ən çox bağlantıya sahib aviasiya mərkəzi elan etməsindən bir gün sonra verib. İstanbul hava limanı bu göstəricilərlə ilk dəfə Londonun Hitrou (Heathrow) hava limanını geridə qoyub.
2025-ci ildəki ikinci pillədən qlobal reytinqin zirvəsinə yüksələn İstanbul hava limanı dünyada 337 müxtəlif nöqtəyə birbaşa uçuş imkanı təmin edir.
OAG-nin "Megahubs 2026" hesabatına əsasən, hava limanındakı reyslərin 80 faizini "Türk Hava Yolları" həyata keçirib. London Hitrou hava limanı isə ən gərgin günündəki uçuş bağlantılarının illik müqayisədə 6 faiz azalması səbəbindən ikinci sıraya geriləyib. Bu eniş qismən Yaxın Şərq istiqamətindəki uçuş cədvəllərində davam edən fasilələrlə əlaqələndirilir.
Siyahıda Amsterdamın Sxiphol (Schiphol) hava limanı üçüncü yeri tutub. Kuala-Lumpur dördüncü pillədəki mövqeyini qoruyaraq Asiyanın ən sıx əlaqəli hava limanı olaraq qalıb. Çikaqodakı Ohara (O'Hare) hava limanı isə yeddinci sıradan beşinci pilləyə yüksələrək Amerika qitəsinin lideri olmağa davam edir.



























