Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO müttəfiqləri arasında müdafiə əməkdaşlığına qoyulan məhdudiyyətlərin tamamilə aradan qaldırılmasına çağırıb. Ankarada keçirilən NATO sammitində çıxış edən R.T.Ərdoğan müttəfiqlərin xüsusilə müdafiə sənayesi sahəsində bir-birinə tətbiq etdiyi embarqo və məhdudiyyətlərin qəbulolunmaz olduğunu vurğulayıb. Sözügedən məhdudiyyətlər sırasına Türkiyənin 2019-cu ildə Rusiyadan ‘‘S-400’’ sistemləri almasından sonra tətbiq edilən ABŞ sanksiyaları, rəsmi Ankaranın ‘‘F-35’’ proqramından kənarlaşdırılması və Avropa İttifaqına üzv olmayan təchizatçıların layihələrdəki payını 35 faizlə məhdudlaşdıran SAFE (Avropa Təhlükəsizlik Fəaliyyəti) qaydaları daxildir.
Türkiyə lideri Avropa müttəfiqlərinin qitənin müdafiəsində daha çox rol oynamalı olduğunu vurğulayıb. Türkiyənin yerli müdafiə sektorunun sürətli inkişafına diqqət çəkən R.T. Ərdoğan ölkəsinin son illərdəki ən böyük nailiyyətinin məhz bu sahədəki əhəmiyyətli irəliləyişlər olduğunu bildirib.
Hazırda ÜDM-nin 1,5 faizini təhlükəsizlik və dayanıqlılıq xərclərinə ayırdıqlarını ifadə edən R.T. Ərdoğan 2030-cu ilə qədər müdafiə xərclərinin payını 3,5 faizə çatdırmaq üçün konkret addımlar atdıqlarını diqqətə çatdırıb. Dövlət başçısı həmçinin Türkiyənin "Polad günbəz" hava və raketdən müdafiə layihəsi üçün əlavə 24 milyard dollar büdcə ayırdığını və bu nəhəng investisiyanın birbaşa NATO-nun ən kritik qabiliyyət boşluqlarından birini aradan qaldırmağa xidmət edəcəyini vurğulayıb.













