Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində müttəfiq ölkələrin liderlərinə müraciət edib. Türkiyənin müdafiə imkanları, NATO daxilindəki mövqeyi və qlobal təhlükəsizlik problemləri barədə mühüm bəyanatlar verən R.T. Ərdoğan ölkəsinin müdafiə sənayesindəki böyük irəliləyişlərini diqqətə çatdırıb. Dövlət başçısı 2030-cu ilə qədər müdafiə xərclərinin payını 3,5 faizə çatdırmaq üçün lazımi tədbirlərin görüldüyünü bildirib.
Türkiyənin Avropada ən böyük quru ordusuna sahib olduğunu xatırladan R.T.Ərdoğan ölkəsinin Alyansın Kosovo, Qara dəniz, Baltikyanı və digər bölgələrdəki əməliyyatlarına, missiyalarına və təlimlərinə ən çox töhfə verən aparıcı müttəfiqlərdən biri olduğunu vurğulayıb. O, Türkiyədə yaradılması planlaşdırılan Pilotsuz Sistemlərlə Mübarizə Mərkəzinin tezliklə NATO tərəfindən akkreditə olunacağına ümid etdiyini bildirib.
Prezident R.T. Ərdoğan çıxışında Rusiya-Ukrayna müharibəsinə də toxunaraq ABŞ Prezidenti Donald Trampın sülh vizyonunu bölüşdüyünü və Ukrayna üçün prioritet olan təşəbbüsləri dəstəklədiyini bəyan edib. R.T. Ərdoğan Türkiyənin öz milli arsenalından Ukraynaya verdiyi hərbi dəstəyi beynəlxalq proqramlar çərçivəsində də davam etdirəcəyini bildirib. O vurğulayıb ki, rəsmi Ankara Ukraynaya dəstək verməklə yanaşı, Rusiyanı sülhə yönəltmək üçün diplomatik kanallardan da fəal istifadə edir.
ABŞ liderinin regional böhranların həllindəki roluna diqqət çəkən R.T. Ərdoğan deyib: "Dostum cənab Trampın İran böhranının həllində göstərdiyi qətiyyətli mövqeyini yüksək qiymətləndirirəm".
O, rəsmi Ankaranın diplomatik səylərlə yanaşı, Hörmüz boğazının minalardan təmizlənməsi prosesinə də töhfə verməyə hazır olduğunu bildirib. Türkiyə Prezidenti həmçinin NATO çərçivəsində ölkəsinə verilən dəstəyə görə müttəfiqlərə təşəkkür edərək, Türkiyəni hədəf alan raket təhdidlərinə qarşı əlavə hava hücumundan müdafiə batareyaları yerləşdirdikləri üçün ABŞ, İspaniya, Almaniya və İtaliyaya minnətdarlığını ifadə edib.













