İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Təhran rəhbərliyinə tətbiq etdiyi iqtisadi sanksiyaları tərifləyərək İranla diplomatik razılaşmaya gəlməyin mümkün olmadığını iddia edib.
Baş nazirin ofisinin bəyanatına görə, Netanyahu dünən axşam keçirilən tədbirdə etdiyi çıxışda İranla bağlı hazırkı vəziyyəti qiymətləndirib.
28 iyulda Ağ Evdə Tramp ilə görüşünə istinad edən Netanyahu deyib: "Biz üç ehtimalı müzakirə etdik. Birinci ehtimal, əlbəttə ki, sizin (ABŞ ilə İran arasında) razılaşmaya gəlməyinizdir. Biz yaxşı razılaşmaya etiraz etmirik. Oradakı o dəstə, o 'vəhşilər'lə razılaşma əldə olunacağına şübhəm var. Sizə (Tramp) deyirəm ki, onlarla razılaşma əldə etmək mümkün deyil".
Netanyahu ikinci ehtimalın hərbi addım olduğuna diqqət yetirərək deyib ki, özümüzü müdafiə edəcəyik. İrana bizə hücum etməsinə imkan verməyəcəyik. Əgər onlar bizə hücum etsələr, heç ağlına da gəlməyəcək zərbə alacaqlar”.
Netanyahu üçüncü seçimin İrana qarşı "mühasirənin dairəsini sıxmaq" olduğunu iddia edərək, Trampın Təhrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları tərifləyib.
Son alaraq Netanyahu işğal altındakı İordan çayının qərb sahilində 104 qanunsuz məskunlaşma məntəqəsi və 160 kənd təsərrüfatı mərkəzinin yaradılmasını müsbət qiymətləndirərək deyib ki, bunların bəziləri əvvəlki ABŞ administrasiyası dövründə, bəziləri isə hazırkı ABŞ administrasiyası dövründə həyata keçirilib.

















