Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin davam etdiyi bir şəraitdə seçki keçirilməsi ilə bağlı çağırışlara etiraz edib. Avqustun 22-də jurnalistlərlə keçirdiyi brifinqdə məsələyə münasibət bildirən V.Zelenski mövcud şəraitdə səsvermə prosedurunun çox təhlükəli olacağını vurğulayıb. Prezident V.Zelenski deyib: “Belə bir müharibə şəraitində seçki keçirmək özlüyündə böyük riskdir. Hazırda seçki Ukraynanı parçalayacaq bir tsunami olar.”
Qeyd edək ki, Ukrayna hərbi vəziyyət rejiminə görə seçkiləri təxirə salır. 2022-ci ildən bəri Rusiyaya qarşı mübarizə aparan ölkə ictimaiyyəti də bu qərarı geniş şəkildə dəstəkləməkdə davam edir.
Keçmiş nazir seçki çağırışı edib
Fikir ayrılıqları bu həftə sabiq müdafiə naziri Mixayl Fedorovun seçkilərin necə təşkil olunacağına dair həll yolunun tapılması çağırışından sonra kəskinləşib. Lakin M.Fedorov bununla bağlı hər hansı faktiki fəaliyyət planı təklif etməyib.
Ekspertlər seçki prosesinin qarşısında duran bir neçə ciddi maneəyə diqqət çəkirlər. Bura hərbçilərin, milyonlarla ukraynalı məcburi köçkünün və işğal altındakı ərazilərin sakinlərinin səsvermə hüququnun təmini, eləcə də Rusiya mənbəli dezinformasiya riskləri daxildir.
Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, Ukrayna vətəndaşlarının təkcə 15 faizi hərbi əməliyyatlar başa çatmadan seçkilərin keçirilməsini vacib hesab edir.
V.Zelenski parçalanma təhlükəsinə qarşı xəbərdarlıq edib
Ölkə bvaşçısı V.Zelenski cəmiyyətin və ordunun həmrəyliyini qorumasının vacibliyini vurğulayıb. O, daxili bölünmə dərinləşəcəyi təqdirdə "təhlükəli ssenarilərin" meydana çıxma riskinə diqqət çəkib: “Biz bu riskin mövcudluğunu qəbul etməliyik. Hadisələrin arzuolunmaz və təhlükəli istiqamətdə inkişaf etmə ehtimalı var”.



















