Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya EXPO mərkəzində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, R.T. Ərdoğan ilk olaraq Konqo Demokratik Respublikasının (KDR) Prezidenti Feliks Antuan Çisekedi ilə bir araya gəlib. Görüşdə ticarət, nəqliyyat və müdafiə sənayesi başda olmaqla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi və regional məsələlər müzakirə olunub. Ərdoğan Konqo Demokratik Respublikasının ərazi bütövlüyünü dəstəklədiklərini və ölkədə davamlı sabitliyin bərqərar olacağına ümid etdiklərini bildirib.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşdə isə ikitərəfli ticarət həcmi hədəflərinə nail olmaq üçün görülən işlər gündəmə gəlib. Türkiyə lideri Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlıq mexanizmlərindən maksimum səmərəli istifadə etməyin vacibliyini vurğulayıb.
Sudan Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhanla aparılan danışıqlarda müdafiə sənayesi, investisiyalar və kənd təsərrüfatı sahələrində əlaqələrin gücləndirilməsi təşəbbüsləri müzakirə edilib.
Liviyanın Baş naziri Əbdülhəmid Dibeybi ilə görüş zamanı ikitərəfli münasibətlər və regional proseslər nəzərdən keçirilib, xüsusilə enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün yeni addımların atılacağı qeyd olunub.
Somali Prezidenti Həsən Şeyx Mahmudla görüşdə isə müdafiə və enerji sahələrində tərəfdaşlığın sürətləndirilməsi məsələləri müzakirə edilib. Ərdoğan Somalidə sülh və sabitliyin Türkiyə üçün mühüm əhəmiyyət daşıdığını deyərək milli dialoq prosesinin uğurla nəticələnəcəyinə və ölkədə milli birliyin təmin olunacağına ümidvar olduğunu bildirib.























