Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan Türkiyəyə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıraraq səfərlə bağlı qiymətləndirmələr aparıb.
Ölkə başçısı R.T.Ərdoğan deyib: “Türkiyə və Azərbaycan bir-birinə möhkəm bağlarla bağlı olan iki qardaş ölkədir. Fitnə dairələrinə baxmayaraq, əməkdaşlığımızı enerji, nəqliyyat və infrastruktur başda olmaqla bir çox strateji sahədə meqalayihələrlə taclandırdıq. Atacağımız yeni addımlarla inşallah həmrəyliyimizi daha da möhkəmləndirəcəyik”.
Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranların əbəs cəhd içində olduqlarını vurğulayan R.T.Ərdoğan deyib:
“Türkiyə ilə Azərbaycan arasında tam bir həmrəylik, taleyin şərikliyi və qardaşlıq hüququ var. Regionumuzda və dünyada türk dünyasının güclü səsini digər qardaşlarımızla birlikdə ucaldacaq, firavan gələcəyi birlikdə inşa edəcəyik. Bizim aramıza məsafə qoymağa çalışanlar xalqlarımızın bir-birinə olan məhəbbətini, tarixi bağlarını və sarsılmaz iradəsini nəzərə almırlar. Türkiyə və Azərbaycan inşallah bundan sonra da regionun əmin-amanlığı, sabitliyi və rifahı üçün çiyin-çiyinə addımlamağa davam edəcək.”






















