ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
Türkiyə və İtaliya arasında PUA tərəfdaşlığı ilk istehsal hədəfinə yaxınlaşır
"Baykar" və İtaliyanın "Leonardo" şirkətlərinin tərəfdaşlığı ilə hazırlanan ilk orta mənzilli pilotsuz uçuş aparatlarının (PUA) istehsalının aprel ayına qədər başa çatacağı gözlənilir
Türkiyə və İtaliya arasında PUA tərəfdaşlığı ilk istehsal hədəfinə yaxınlaşır
Türkiyə və İtaliya arasında PUA tərəfdaşlığı ilk istehsal hədəfinə yaxınlaşır / AA
26 fevral 2026

Türkiyənin "Baykar" və İtaliyanın "Leonardo" şirkətlərinin tərəfdaşlığı ilə hazırlanan ilk orta mənzilli pilotsuz uçuş aparatlarının (PUA) istehsalının aprel ayına qədər başa çatacağı gözlənilir. Rəsmi şəxslər layihədəki sürətli irəliləyişi və iki şirkət arasındakı güclü texnoloji inteqrasiyanı xüsusi vurğulayırlar.

"Leonardo"nun 2025-ci il maliyyə nəticələrini təqdim etmək üçün keçirilən brifinqdə çıxış edən baş direktor Roberto Çinqolani bildirib ki, PUA seqmentində fövqəladə bir irəliləyiş əldə edilib və Türkiyənin pilotsuz uçuş aparatı istehsalçısı "Baykar" ilə sıx əməkdaşlıq qurulub. O, iki şirkətin yeni texnologiyaların inteqrasiyası üçün gündəlik rejimdə çalışdığını və yaxın həftələrdə açıqlanması planlaşdırılan yenilənmiş strateji plana daha çox detalın daxil ediləcəyini qeyd edib.

Cəmi səkkiz ay ərzində əhəmiyyətli nəticələrin əldə olunduğunu deyən Çinqolani İtaliyanın şimalındakı Ronki dei Leconari (Ronchi dei Legionari) müəssisəsində ilk orta mənzilli PUA-ların yığılması və istehsalının aprel ayına qədər yekunlaşacağını açıqlayıb.

Proqram həm sabit qanadlı, həm də fırlanan qanadlı sistemlər də daxil olmaqla geniş platformaları əhatə edir.

Kütləvi istehsal və satışların yüzlərlə ədədə çatması gözlənilən təyyarələr kütləvi istifadədən əvvəl təxminən bir illik sınaq və nümayiş mərhələsindən keçəcək.

Yaxın aylarda PUA-ların xüsusi şərtlər altında eniş və əlaqələndirilmiş dəstə əməliyyatları da daxil olmaqla, öz imkanlarını nümayiş etdirməsi planlaşdırılır.

Baş direktor həmçinin əlavə edib ki, bu təşəbbüsdəki irəliləyişlər çoxmillətli müdafiə layihəsi olan Qlobal Döyüş Hava Proqramı (GCAP) ilə əlaqəli inkişaflardan sonra "Leonardo"nun elektronika bölməsinə əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Hazırda investisiyalar planlaşdırıldığı kimi davam edir və PUA proqramı qrafikdən bir qədər irəlidədir.