NATO-nun Baş katibi Mark Rutte Avropanın ən böyük ordularından və müdafiə sənayesi infrastrukturlarından birinə malik olan Türkiyənin Alyansın əsas müttəfiqi olduğunu və digər 31 üzv ölkə tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin (EPC) Zirvə Toplantısı çərçivəsində jurnalistlərin suallarını cavablandıran Mark Rutte Yaxın Şərqdəki gərginlik fonunda Türkiyənin NATO-dakı roluna toxunub.
"Türkiyə NATO-nun əsas müttəfiqlərindən biridir və Avropanın ən böyük ordularından və müdafiə sənayesi infrastrukturlarından birinə sahibdir. Bir sözlə, Türkiyə hər baxımdan əsas müttəfiqdir və digər 31 müttəfiq ona böyük hörmət bəsləyir", – deyə Baş katib vurğulayıb.
NATO-nun Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsindəki roluna da münasibət bildirən Mark Rutte yanvar ayında Parisdə keçirilən uğurlu görüşdə Avropa ölkələri ilə ABŞ-nin bu zəmanətlərin mexanizmi barədə ortaq məxrəcə gəldiklərini xatırladıb.























